İngiltərədə banknotlar dəyişir: tarixi şəxsiyyətlərin yerini təbiət motivləri alacaq

İngiltərə Mərkəzi Bankı yeni banknot dizaynı üzərində işləyir. Planlara görə, banknotlarda tarixi şəxsiyyətlərin əvəzinə ölkənin flora və faunasını əks etdirən görüntülər istifadə ediləcək.

32

Böyük Britaniyada banknotların dizaynında mühüm dəyişiklik planlaşdırılır. “Bank of England” gələcəkdə çap olunacaq banknotlarda tarixi şəxsiyyətlərin yerinə ölkənin flora və faunasını əks etdirən görüntülərin istifadə edilməsini nəzərdən keçirir. 

Hazırda Britaniya banknotlarının arxa tərəfində ölkə tarixində mühüm rol oynamış şəxslərin portretləri yerləşir. Məsələn, keçmiş baş nazir Uinston Çörçill, məşhur yazıçı Ceyn Austin, rəssam C M. V. Törner və riyaziyyatçı Alan Türinq kimi şəxslərin təsvirləri mövcud banknotlarda yer alır. Planlaşdırılan dəyişikliklə bu ənənə ləğv edilə və banknotlarda Britaniyanın təbiətini təmsil edən bitki və heyvan təsvirləri istifadə oluna bilər.

Yeni dizaynın hazırlanması prosesində ictimai iştirakın da təmin edilməsi planlaşdırılır. Yay aylarında başlanması gözlənilən proses çərçivəsində vətəndaşlardan banknotlarda hansı təbiət motivlərinin yer alması barədə təkliflər toplanacaq. Bu təkliflər tarixçilər, dizaynerlər və alimlərdən ibarət xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Banknotların ön tərəfində isə monarxiya ənənəsinə uyğun olaraq III Çarlzın portretinin qalacağı bildirilib. Bununla belə, yeni dizaynlı banknotların dövriyyəyə daxil olması yaxın vaxtda gözlənilmir. Mərkəzi Bankın məlumatına görə, hazırkı polimer banknotların istifadəsi davam etdiyinə görə yeni pul nişanlarının gündəlik dövriyyəyə daxil olması bir neçə il çəkə bilər.