İndoneziyanın maliyyə naziri investorların tənqidlərinə cavab verdi: “Nə etdiyimi bilirəm”

İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva investorların və reytinq agentliklərinin tənqidlərinə baxmayaraq ölkənin fiskal siyasətinin düzgün olduğunu bildirib.

38

İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva investorların və reytinq agentliklərinin iqtisadi siyasətlə bağlı narahatlıqlarına baxmayaraq hökumətin fiskal siyasətinin düzgün istiqamətdə olduğunu bildirib.

Nazir bu barədə “Reuters” agentliyinə müsahibəsində danışaraq qeyd edib ki, beynəlxalq investorların bir hissəsi onun yeni və qeyri-ənənəvi iqtisadi yanaşmasına şübhə ilə yanaşır. Bununla belə, Sadeva bildirib ki, ölkənin fiskal siyasəti beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

“Beynəlxalq standartlara görə biz yaxşı fiskal siyasət yürüdürük. Sadəcə mən yeni olduğum üçün bəziləri düşünür ki, bu nazir nə etdiyini bilmir. Amma mən nə etdiyimi bilirəm”, – deyə o bildirib.

İndoneziya iqtisadiyyatı ilə bağlı narahatlıqların artmasına səbəb olan əsas amillərdən biri “Fitch” reytinq agentliyinin ölkənin kredit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə endirməsi olub. Bu qərar investorların ölkədə fiskal intizamın zəifləyə biləcəyi ilə bağlı ehtiyatlarını gücləndirib.

Sadevanın iqtisadi yanaşması əvvəlki maliyyə naziri Sri Mulyani İndravatinin ehtiyatlı və konservativ siyasətindən kəskin şəkildə fərqlənir. Sri Mulyani uzun müddət maliyyə intizamının əsas təminatçısı kimi qəbul olunurdu.

Yeni nazir isə iqtisadi artımı sürətləndirmək məqsədilə daha aqressiv iqtisadi siyasət yürütməyə üstünlük verir. Onun ən mübahisəli qərarlarından biri hökumətin təxminən 200 trilyon rupiah (təxminən 12 milyard dollar) vəsaitini mərkəzi bankdan dövlət banklarına yönəldərək kredit artımını stimullaşdırmaq planı olub.

Buna baxmayaraq, Sadeva iqtisadi göstəricilərin hökumətin siyasətinin doğru olduğunu göstərdiyini bildirib. Rəsmi məlumatlara görə, 2025-ci ilin dördüncü rübündə İndoneziya iqtisadiyyatı 5,4 faiz artaraq son üç ilin ən yüksək göstəricisinə çatıb. Analitiklər isə əvvəlcədən artımın təxminən 5,01 faiz olacağını proqnozlaşdırırdılar.

Nazir bildirib ki, yaxın altı ay ərzində iqtisadi nəticələr hökumətin siyasətinin düzgün olub-olmadığını açıq şəkildə göstərəcək.

“Altı ay sonra görəcəyik ki, düzgün istiqamətdə irəliləyirik, ya yox. Əgər səhv etmişiksə, məni istədiyiniz qədər tənqid edə bilərsiniz”, – deyə Sadeva əlavə edib.