Martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
Söhbət zamanı Şavkat Mirziyoyev İlham Əliyevi və Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev öz növbəsində təşəkkürünü bildirərək Şavkat Mirziyoyev və qardaş Özbək xalqını bayram münasibətilə təbrik edib, Özbəkistana firavanlıq və rifah arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri və əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Həmçinin Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını bildirən liderlər gərginliyin yalnız siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Danışıq əsnasında qarşılıqlı maraq doğuran digər məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.