İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanat verdi

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Bakıda mətbuata bəyanatlarla çıxış ediblər. Tərəflər enerji, ticarət, müdafiə, investisiya, nəqliyyat və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

10

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlar Meloninin Azərbaycana səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlərdən sonra səsləndirilib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan və İtaliyanın strateji tərəfdaş olduğunu bildirib. Dövlət başçısı xatırladıb ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədlər 2014 və 2020-ci illərdə imzalanıb. Əliyevin sözlərinə görə, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib.

Prezident enerji əməkdaşlığının münasibətlərin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, bunun 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilib. Əliyev həmçinin Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət başçısı hərbi-texniki əməkdaşlığın da perspektivli sahə olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkili, İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə birləşdirilməsi məsələlərini müzakirə ediblər. Əliyev həmçinin Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar investisiya yatırdığını deyib.

Prezidentin sözlərinə görə, hazırda Azərbaycanda 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23 layihənin icrasında iştirak edir və bu göstəriciyə görə xarici ölkə şirkətləri arasında aparıcı mövqeyə malikdir. Əliyev təhsil sahəsində əməkdaşlığa da toxunaraq, ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin açıldığını və hazırda burada 500-dən çox tələbənin təhsil aldığını bildirib.

Ciorcia Meloni isə çıxışında 13 ildən sonra İtaliya baş nazirinin Azərbaycana ilk rəsmi səfərinin baş tutduğunu bildirib və iki ölkə arasında əlaqələrdə “keyfiyyətcə böyük sıçrayış” olduğunu qeyd edib. O, Azərbaycanla daimi siyasi koordinasiyanın qurulması barədə razılıq əldə olunduğunu və bunun mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Meloni enerji sektorunun Azərbaycan-İtaliya əməkdaşlığının əsas dayaqlarından biri olduğunu deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycandan İtaliyaya qaz və neft ixracı ölkəsinin enerji təhlükəsizliyində həlledici rol oynayıb. İtaliya hökumətinin başçısı həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında əsas qovşaq kimi rolunu gücləndirməsini dəstəklədiklərini və İtaliyanın Avropa bazarına “imtiyazlı giriş qapısı” rolunu oynamağa hazır olduğunu bildirib.

İtaliya Nazirlər Şurasının sədri 2026-cı ilin ikinci yarısında Bakıda biznes forumunun keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, məqsəd siyasi əməkdaşlığı şirkətlər və işçilər üçün konkret imkanlara çevirməkdir. Meloni müdafiə və təhlükəsizlik, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, kritik infrastrukturun qorunması və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını da qeyd edib.

Meloni beynəlxalq məsələlərə də toxunaraq Azərbaycan Prezidenti ilə İran ətrafındakı böhran, regional proseslər, Ermənistanla normallaşma və Ukraynada ədalətli sülh istiqamətində diplomatik səylər barədə fikir mübadiləsi apardıqlarını bildirib. O, İran böhranı fonunda təhlükə ilə üzləşən İtaliya vətəndaşlarının təxliyəsinə və İtaliyanın Tehrandakı səfirliyinin müvəqqəti olaraq Bakıda fəaliyyət göstərməsinə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.