Prezident İlham Əliyev Sankt-Peterburqdakı tədbirlərdə iştirak etməyəcək

Prezident Administrasiyası İlham Əliyevin Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurası və MDB-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəblərini açıqlayıb.

78

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirak etməməsinin səbəbləri açıqlanıb.

Prezident Administrasiyasından verilən məlumata görə, dövlət başçısı dekabrın 21-də keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. Bildirilib ki, bunun əsas səbəbi Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmamasıdır.

Eyni zamanda, qeyd olunub ki, Prezident İlham Əliyev bu gün Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də iştirak edə bilməyəcək. Buna səbəb dövlət başçısının iş qrafikinin sıxlığıdır.

Prezident Administrasiyası vurğulayıb ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və təşkilat çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq, xüsusilə, üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 9–10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Həmin səfər çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər səmərəli olub.