İlham Əliyev Münhendə Avropa İttifaqının Ali Nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşərək enerji, nəqliyyat və Cənubi Qafqazda sülh məsələlərini müzakirə edib.

51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Görüş zamanı ötən il Kaya Kallasın Azərbaycana səfəri və dövlətimizin başçısı ilə keçirdiyi görüş məmnunluqla xatırlandı. Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirildi. Eyni zamanda enerji sahəsində uğurlu əməkdaşlıq vurğulandı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr qeyd olundu.

Görüşdə enerji ilə yanaşı nəqliyyat sahəsində əməkdaşlıq imkanları, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.