İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib

Prezident İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Görüşdə iqtisadiyyat, enerji, investisiya, təhsil, kənd təsərrüfatı və regional əməkdaşlıq məsələləri müzakirə olunub. 

9

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Görüşdə dövlət başçısı Litva Baş nazirinin Azərbaycana səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib. Litvanın Baş naziri isə Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. 

Görüş zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Tərəflər enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib, münasibətlərin genişləndirilməsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyini diqqətə çatdırıblar.

İnqa Ruqiniene Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən böyük işlərin görüldüyünü bildirib. Prezident İlham Əliyev isə regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qayıdışı təmin olunub. İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin salındığını, nəqliyyat və sosial infrastruktur layihələrinin icra edildiyini bildirib. Bununla yanaşı, minalar probleminin bərpa işlərini ləngitdiyini vurğulayan Prezident, Vətən müharibəsindən sonra indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını deyib.

Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına daim dəstək verdiyi qeyd edilib, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.