Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
Görüşdə 2010-cu ildən bəri Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” arasında mövcud olan uğurlu tərəfdaşlıq və əlaqələrin vəziyyəti müzakirə olundu. Dövlətimizin başçısı ilə Cared Kohen arasında Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Fondunun şirkətlə əməkdaşlığının əhəmiyyəti vurğulandı.
Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis olunub, investisiya və istehlak bankçılığı, qiymətli kağızlar və aktivlərin idarə edilməsi sahələrində fəaliyyət göstərir, hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.