Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclaslarda iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen və nümayəndə heyətini qəbul edib.
Dan Yorgensen Prezident İlham Əliyevin açılışdakı çıxışının nümayəndə heyətində dərin təəssürat yaratdığını bildirib və Azərbaycanla tərəfdaşlığı genişləndirmək istədiklərini vurğulayıb. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycan-Avropa enerji əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə, təbii qaz və yaşıl enerji ixracının genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Genişlənmə üzrə komissar Marta Kosunun ölkəmizə səfərlərini xatırladaraq, əməkdaşlığın dərinləşdirilməsi üçün iradənin olduğunu vurğulayıb.


