İlham Əliyev və Aleksandar Vuçiçin görüşü: Azərbaycan–Serbiya sənədləri imzalandı

Belqradda Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib, enerji, iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə bir sıra sənədlər imzalanıb.

50

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmin gün Belqradda Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan–Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirilib.

İmzalanan və mübadilə olunan sənədlər aşağıdakılardır:

  • Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş – Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev, Serbiya hökuməti adından kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç tərəfindən mübadilə edilib.

  • Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç tərəfindən mübadilə olunub.

  • İqtisadiyyat nazirlikləri arasında Anlaşma Memorandumu – Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Adriyana Mesaroviç tərəfindən imzalanıb.

  • Media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu – Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Serbiyanın İnformasiya və Telekommunikasiya Nazirliyi arasında imzalanıb.

  • 2026–2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu – Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç tərəfindən mübadilə edilib.

  • İdman sahəsində Anlaşma Memorandumu – Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbiyanın idman naziri Zoran Qayiç tərəfindən imzalanıb.

  • Tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu – Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru Saniyya Radojeviç tərəfindən mübadilə olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Bəyanatlarda iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi, enerji, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri vurğulanıb.