Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan–ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
ABŞ nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson və Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxil olub.
Qonaqlar Bakıda müşahidə etdikləri inkişafdan məmnunluqlarını ifadə edərək, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkür edib və əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayaraq, Azərbaycanın regional sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini qeyd edib.
Görüşdə Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin formalaşmağa başladığı, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixrac edildiyi, Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan üzərindən Ermənistana daşındığı diqqətə çatdırılıb. Prezident İlham Əliyev TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ədalətsiz olduğunu və mövcud Azərbaycan–ABŞ münasibətlərinin ruhuna uyğun gəlmədiyini vurğulayıb. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tam ləğvi istiqamətində Konqres üzvlərinin səylərinin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Görüş zamanı siyasi, iqtisadi, enerji, müdafiə, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Həmçinin, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



