Erməni Apostol Kilsəsinin yepiskopları katolikos II Qareginin istefasını tələb edir

Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu katolikos II Garegindən istefa verməsini tələb edən bəyanat yayıb. Yepiskoplar son aylarda kilsə daxilində yaranan gərginlik və idarəetmə ilə bağlı narazılıqlarını vurğulayıblar.

77

Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu yeni bəyanatla katolikos II Qaregindən istefa verməsini tələb edib. Yepiskoplar qeyd edirlər ki, son aylarda kilsə daxilində yaranan gərginlik həm ölkə daxilində, həm də diasporada ciddi narahatlığa səbəb olub. Onlar bu vəziyyətin 1999-cu ildə katolikos seçkilərinin düzgün və ədalətli aparılmaması ilə əlaqəli olduğunu bildirirlər.

Bəyanatda həmçinin qeyd olunur ki, katolikosun idarəetməsindəki səhvlər, qanunsuz təyinatlar, ədalətsiz cəzalar və digər müdaxilələr yepiskoplar və diasporadakı müxtəlif bölgələr arasında gərginlik yaradıb. Yepiskoplar hesab edirlər ki, katolikosun ixtiyari qərarları və idarəetmə üsulları kilsənin və xalqın sabitliyini təhlükə altına qoyur.

Yepiskoplar bildirirlər ki, katolikosun istefası yeni seçkilərin təşkilinə və kilsədə stabilliyin bərpasına imkan yaradacaq. Onlar həmçinin digər ruhani şəxsləri provokasiyalara uymamağa, hörmətsiz ifadələrdən çəkinməyə çağırıb və kilsənin iyerarxik strukturu ilə hörmətlə davranmağın vacibliyini vurğulayıblar.

Bəyanat 10-dan çox yepiskop, o cümlədən Arxiyepiskop Ovanes Terteryan, Arxiyepiskop Navasard Kçoyan, Arxiyepiskop Abraam Mkrtçyan və digər yüksək rütbəli dini rəhbərlər tərəfindən imzalanıb.