Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husi) hərəkatı İranın apardığı hərbi əməliyyatlara qoşulacağını bəyan edib. Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
İranın “Fars” agentliyinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının yüksək rütbəli nümayəndəsi qruplaşmanın İranın hərbi əməliyyatlarına qoşulacağını bildirib.
“Biz düşmən üçün sürprizlər hazırlayırıq”, – deyə husi nümayəndəsi bəyan edib.
Qeyd olunur ki, husilər müharibənin ilk günündə – fevralın 28-də də İran tərəfinə dəstək verərək hərbi əməliyyatlara qoşulduqlarını elan etmişdilər. Lakin indiyədək bu bəyanatdan sonra konkret hərbi addımların atıldığı barədə rəsmi məlumat verilməyib.
Martın 8-də isə “Ənsar Allah” hərəkatı Müctəba Xameneyinin İranın ali rəhbəri seçilməsini alqışlayan bəyanat yayıb. Həmin bəyanatda İran Ekspertlər Şurasının qərarı “İslam inqilabının yeni qələbəsi və İranın düşmənlərinə sarsıdıcı zərbə” kimi qiymətləndirilib.
Analitiklər hesab edirlər ki, husilərin bu cür bəyanatları regionda davam edən gərginlik fonunda İranın regional müttəfiqlərinin mümkün hərbi və siyasi mövqeyini göstərir.