Hörmüz böhranı: ABŞ niyə İranı dayandıra bilmir?

İranın Hörmüz boğazında həyata keçirdiyi hərbi addımlar qlobal enerji bazarını sarsıdır. Ekspertlər ABŞ və İsrailin niyə Tehranı tam dayandıra bilmədiyini izah edir.

29

Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında baş verən hadisələr qlobal iqtisadiyyatı sarsıdır. Ekspertlər ABŞ və İsrailin güclü hərbi zərbələrinə baxmayaraq İranın boğaz üzərində təsirini niyə qoruyub saxladığını izah etməyə çalışır.

İranın Hörmüz boğazında həyata keçirdiyi hərbi addımlar dünya iqtisadiyyatına ciddi təsir göstərib. Boğazdan keçməyə çalışan bəzi ticarət gəmilərinin vurulduğu, İranın isə su yollarına dəniz minaları yerləşdirdiyi bildirilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu addımı ABŞ və İsrailin təhdidlərinə cavab kimi təqdim edərək Hörmüz boğazından “bir litr belə neftin keçməsinə imkan verilməyəcəyini” bəyan edib.

ABŞ və İsrailin İran ərazisinə ardıcıl zərbələr endirməsinə baxmayaraq, Tehran boğaz üzərində müəyyən nəzarəti saxlaya bilir. Analitiklərin fikrincə, bunun bir neçə səbəbi var.

Ekspertlər bildirirlər ki, İran ABŞ hərbi sistemlərinin məlumat toplama imkanlarını zəiflətmək üçün radar və müşahidə infrastrukturlarını hədəfə alıb. Bu isə kəşfiyyat məlumatlarının operativliyini azalda bilər.

Digər mühüm faktor isə İranın geniş şəkildə istifadə etdiyi pilotsuz uçuş aparatları və pilotsuz dəniz vasitələridir. Bu texnologiyalar kiçik ölçülü olduqları və ucuz başa gəldikləri üçün eyni anda çox sayda istifadə edilə bilir və onların aşkar olunması çətin olur.

Bundan əlavə, İranın boğaza dəniz minaları yerləşdirməsi vəziyyəti daha da mürəkkəbləşdirib. ABŞ bəzi minadaşıyan gəmiləri məhv etdiyini bildirsə də, minaların hamısının zərərsizləşdirilməsi çətin hesab olunur.

Analitiklərin fikrincə, İranın hərbi obyektlərinin böyük hissəsinin yeraltı qurğularda yerləşməsi və komandanlığın sığınacaqlardan idarə olunması da ABŞ üçün əməliyyatları çətinləşdirir. Bu səbəbdən bəzi ekspertlər hesab edir ki, İranı tam şəkildə dayandırmaq üçün genişmiqyaslı quru əməliyyatı tələb oluna bilər.

Hörmüz boğazı dünya enerji daşımalarının əsas arteriyalarından biri sayılır və burada baş verən istənilən hərbi eskalasiya qlobal enerji bazarlarına birbaşa təsir göstərir.