Hindistanın Heydərabad şəhərində yerləşən balıq formasında hökumət binası sosial şəbəkələrdə yenidən gündəm olub.
MSNews.az xəbər verir ki, söhbət Hindistanın Milli Balıqçılığın İnkişafı Şurasının qərargahından gedir. “Atlas Obscura” binanın “Fish Building” kimi tanındığını və qurumun qərargahı kimi istifadə edildiyini yazır. Mənbəyə görə, bina qeyri-adi memarlıq nümunəsi hesab olunur və 2012-ci ildən fəaliyyət göstərir.

Layihə ilkin olaraq balıqçılıq sahəsini simvolizə edən futuristik və diqqətçəkən ofis binası kimi düşünülüb. “The Fish Site” 2008-ci ildə yazırdı ki, Heydərabad yaxınlığındakı Racendranaqar ərazisində beş akr sahədə dördmərtəbəli, tamamilə balıq formasında kompleks inşa olunur. Mənbədə layihənin təxmini dəyəri 25 krore rupi göstərilib ki, bu da həmin dövrün məzənnəsinə görə təxminən 3 milyon avroya yaxın məbləğ kimi qiymətləndirilə bilər.
Binanın memarlığı “mimetic architecture” — yəni funksiyanı birbaşa forma ilə ifadə edən memarlıq nümunəsi kimi təqdim olunur. “Atlas Obscura” yazır ki, layihənin Frank Gerinin Barselonadakı “Fish” heykəlindən ilhamlandığı bildirilir. Binanın üzərində balığın gövdəsini xatırladan metal panellər, “göz” rolunu oynayan dairəvi pəncərələr və üzgəcləri xatırladan memarlıq detalları var.
Lakin sosial şəbəkələrdə bina daha çox “gözlənti və reallıq” formatında yayılıb. Paylaşımlarda onun layihə eskizində daha incə və futuristik göründüyü, real görüntüsünün isə “şişmiş” və ya “kökəlmiş balıq” təsiri bağışladığı qeyd olunur. “Reddit”də bina “render və reallıq” başlığı ilə mem kimi müzakirə edilib.

Buna baxmayaraq, bina Hindistanın ən qeyri-adi hökumət binalarından biri kimi tanınır. “Times of India” onu Hindistanın fərqli memarlıq nümunələri sırasında göstərərək, Heydərabadın balıq formasındakı NFDB binasının ölkədə “copy-paste” ofis memarlığından seçildiyini yazıb.