Hindistanın Uttar-Pradeş ştatında məsciddə azanı yüksək səslə səsləndirməkdə ittiham olunan 23 yaşlı müəzzin Məhəmməd Feyzan polis tərəfindən saxlanılıb. Məhkəmə onun 14 gün müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib. Hadisədən sonra məsciddəki səs gücləndirici avadanlıqlar müsadirə olunub, əraziyə cavabdeh olan polis əməkdaşı isə vəzifəsindən kənarlaşdırılıb.
MSNews.az xəbər verir ki, hadisə oktyabrın 10-da Hindistanın Uttar-Pradeş ştatının Bijnor dairəsində yerləşən Nacibabad şəhərində baş verib.
Bu barədə “Hindustan Times” və “India Today” məlumat yayıb.
Bijnor polisinin rəhbəri Krişan Kumar Bişnoyun ictimai müraciətlərlə bağlı tədbirə gedərkən məsciddən verilən azanı eşitdiyi və səsin yüksək olduğunu əsas gətirərək yoxlama aparılmasına göstəriş verdiyi bildirilir.
Yoxlama zamanı polis əməkdaşları məsciddə səs gücləndiricisindən istifadə edildiyini müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanlarının iddiasına görə, avadanlıq müvafiq icazə olmadan işlədilib və səs məscidin hüdudlarından kənara yayılıb.
Polis nümayəndələri qüvvədə olan qaydalara əsasən, icazəsiz səs gücləndirici avadanlıqların ətraf ərazilərdə narahatlıq yaradacaq şəkildə istifadəsinin yolverilməz olduğunu bildiriblər.
Hadisədən sonra Məhəmməd Feyzan barəsində hüquqi prosedur başladılıb. O, saxlanılaraq məhkəməyə çıxarılıb.
Məhkəmə 23 yaşlı müəzzinin 14 gün müddətinə məhkəmə nəzarətində həbsdə saxlanılmasına qərar verib.
Hüquq-mühafizə orqanları məsciddən səs gücləndiricisini, mikrofonu və digər müvafiq avadanlıqları da götürüblər.
Hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq həmin əraziyə nəzarət edən polis əməkdaşı da xidməti vəzifələrindən kənarlaşdırılıb.
Hadisə Hindistanda dini ibadət yerlərində səs gücləndiricilərindən istifadə və səs-küy məhdudiyyətlərinin tətbiqi məsələsini yenidən gündəmə gətirib.
Uttar-Pradeşdə səs-küy normalarına nəzarət çərçivəsində yalnız məscidlərdə deyil, məbədlərdə və digər dini ibadət yerlərində də yüksək səslə işləyən avadanlıqlara qarşı tədbirlər görülüb.