Hillari Klinton Epşteyn istintaqı çərçivəsində Konqresə ifadə verdi

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Epşteyn işi üzrə Nümayəndələr Palatasının Nəzarət Komitəsində qapalı iclasda ifadə verib. Klinton Epşteynin cinayətləri barədə məlumatı olmadığını bildirib.

61

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton milyarder maliyyəçi Ceffri Epşteynlə bağlı istintaq çərçivəsində Nümayəndələr Palatasının Nəzarət Komitəsi üzvlərinə ifadə verməyə başlayıb. Qapalı keçirilən iclas Nyu-York ştatında baş tutub.

Amerika mediasının məlumatına görə, keçmiş prezident Bill Klintonun həyat yoldaşı olan Hillari Klinton Konqres üzvlərinin suallarını cavablandırır. İclas mətbuata qapalı keçirilsə də, Komitə sədri, respublikaçı konqresmen Ceyms Komer jurnalistlərə qısa açıqlama verərək dinləmələrin “Amerika xalqı üçün mühüm əhəmiyyət daşıdığını” bildirib. Onun sözlərinə görə, bu gün Hillari Klinton, sabah isə Bill Klinton ifadə verəcək.

Klinton iclasın başlanğıcında sosial media platformasında paylaşdığı 4 səhifəlik açılış bəyanatında Epşteynin cinayət əməlləri barədə məlumatı olmadığını vurğulayıb. O, “Onların cinayət fəaliyyətlərindən xəbərim yox idi. Cənab Epşteynlə görüşdüyümü də xatırlamıram” ifadəsini işlədib. Klinton həmçinin Epşteynin yaxın əməkdaşı və cinayət ortağı kimi tanınan Gisleyn Maksvelin fəaliyyətləri barədə də hər hansı məlumata sahib olmadığını qeyd edib.

Sabiq dövlət katibi qapalı dinləmənin respublikaçı konqresmenlər tərəfindən təşkili ilə bağlı narazılığını ifadə edib və istintaqın siyasi motivli olduğunu iddia edib. O, həmçinin keçmiş prezident Donald Tramp administrasiyasının bu prosesdə qorunduğunu irəli sürərək özünün və həyat yoldaşının ifadəyə çağırılmasının ədalətli olmadığını bildirib.