Fransanın lüks moda evi “Hermès” Paris Moda Həftəsində 2026/2027 payız-qış qadın geyimləri kolleksiyasını nümayiş etdirib. Kolleksiya brendin qadın geyimləri üzrə kreativ direktoru Nadege Vanhee tərəfindən hazırlanıb və dizaynda əsas ilham mənbəyi alatoranlıq atmosferi olub.
Podium Parisdə yerləşən Garde Républicaine süvari jandarmalarının kazarmasında keçirilib. Şounun məkanı qalın mamırla örtülmüş səhnə ilə hazırlanıb və modellər ayı xatırladan işıqlı dairəvi keçiddən podiuma çıxaraq bitkilərlə əhatə olunmuş səhnədə yürüş ediblər.

Kolleksiyada əsasən tünd mavi və yaşıl çalarlar üstünlük təşkil edib. Dizaynlarda narıncı, sarı və tünd qırmızı tonlarla kontrast yaradılıb.
Kolleksiyanın əsas xüsusiyyətlərindən biri bayker (motosikletçi) üslubu olub. Dizaynda axıcı dəri paltolar, ön hissəsi fermuarlı mini donlar və velosiped şortları istifadə edilib.
Bəzi dar dəri donlarda asimmetrik fermuarlar yerləşdirilib və onların altından kontrast köynəklər görünür. Uzun qəhvəyi paltolar isə iri qoyun dərisi yaxalıqları ilə diqqət çəkib.

Bundan əlavə, pilot gödəkçələri və trençkotlar quzu dərisindən hazırlanmış parlaq velosiped şortları ilə kombin edilib.
Kolleksiyada həmçinin dəvəquşu dərisindən hazırlanmış gödəkçələr, şalvarlar və narıncı bayker kombinzonu nümayiş etdirilib. Klassik tikmə elementləri isə ikiqat düyməli pencəklər və dar şalvarlarla təqdim olunub.

Nadege Vanhee 2014-cü ildən “Hermès”də qadın geyimləri üzrə kreativ direktor kimi fəaliyyət göstərir. Brend ultra varlı müştərilərə yönəlib və ən məşhur çantaları üçün illərlə davam edən gözləmə siyahıları mövcuddur.
Hermès kolleksiyası Paris Moda Həftəsi çərçivəsində təqdim olunan əsas defilelərdən biridir. Moda həftəsi martın 11-dək davam edəcək və yaxın günlərdə “Chanel” və “Louis Vuitton” kimi böyük moda evlərinin də kolleksiyaları nümayiş olunacaq.