Hacıqabul və Şirvanda “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının tərəfdaşlığı ilə “Ulu Öndərin irsi – Vətənə və xalqa xidmət nümunəsi” layihəsi çərçivəsində Hacıqabul və Şirvan şəhərində intellektual oyunlar və seminarlar keçirilib.
23-24 fevral tarixlərində Hacıqabulda və 25 fevral tarixində Şirvan şəhərində keçirilən tədbirlərdə ümumilikdə 150-dən çox gənc iştirak edib.
Seminar zamanı Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi, vətənə və xalqa xidmət prinsipləri barədə geniş müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb. Layihənin məqsədi gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq və vətənpərvərlik ruhunu gücləndirməkdir. Tədbir çay-kofe fasiləsi və xatirə şəkilləri ilə yekunlaşıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq həyata keçirilib.







