Gürcüstanın patriarxı II İliya 93 yaşında vəfat etdi

Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri II İliya Tbilisidə yerləşən klinikada 93 yaşında vəfat edib. O, 1977-ci ildən kilsəyə rəhbərlik edirdi.

30

Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri II İliya 93 yaşında Tbilisidə yerləşən klinikalardan birində vəfat edib. Bu barədə patriarx taxtının müvəqqəti idarəçisi, mitropolit Şio Muciri məlumat verib.

Bildirilib ki, bu gün səhər saatlarında Gürcüstan Patriarxlığı din xadiminin vəziyyətinin qəfil pisləşdiyini açıqlayaraq onun təcili şəkildə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Həkimlərin məlumatına görə, II İliya mədə qanaxması diaqnozu ilə klinikaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulmuşdu.

Bir müddət sonra isə onun həyatını xilas etmək mümkün olmayıb.

II İliya 1977-ci ildən etibarən Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edirdi. O, ölkədə ən nüfuzlu dini liderlərdən biri hesab olunurdu və onun patriarxlıq dövrü Gürcüstan kilsəsinin müasir tarixində ən uzunmüddətli rəhbərlik kimi yadda qalıb.