Gürcüstan parlamenti Cənubi Osetiya üzrə mühacir administrasiyasını ləğv etdi

Gürcüstan parlamenti 2007-ci ildə yaradılmış Cənubi Osetiya üzrə mühacir administrasiyasının 2026-cı ildən ləğvini təsdiqlədi. Hakimiyyət qərarı Konstitusiya ilə əsaslandırır.

74

Gürcüstan parlamenti 2007-ci ildə, Mixail Saakaşvilinin prezidentliyi dövründə yaradılmış Cənubi Osetiya üzrə mühacir administrasiyasının ləğvini təsdiqləyib.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsünə əsasən, sözügedən qurum 2026-cı il yanvarın 1-dən etibarən fəaliyyətini dayandıracaq.

Tbilisidə yerləşən administrasiya Gürcüstan hakimiyyətinin region üzərində real nəzarətinin olmamasına baxmayaraq, keçmiş muxtar vilayətin idarə olunması məqsədilə yaradılmışdı. Bir vaxtlar Vladimir Sanakoyevin, daha sonra isə Tamaz Bestayevin rəhbərlik etdiyi struktur əsasən humanitar məsələlərlə, eləcə də Sxinvali bölgəsindən olan məcburi köçkünlərə yardım göstərilməsi ilə məşğul olub.

“Gürcü Arzusu”nun fikrincə, 18 il əvvəl qəbul edilmiş bu qərar Gürcüstan Konstitusiyasını pozur və Rusiyanın Sxinvali regionunu işğal etməsində “mühüm rol” oynayıb. Hakim partiya Saakaşvili hökumətini xüsusilə “Cənubi Osetiya” terminindən istifadə etdiyinə görə tənqid edib və vurğulayıb ki, bu anlayış Gürcüstanın hüquqi və siyasi müstəvisində mövcud deyil.

Hazırda həbsdə olan Mixail Saakaşvili isə administrasiyanın ləğvini “rusların əmri” adlandırıb. O, daha əvvəl bu təşəbbüsü “işğal olunmuş regionun müstəqilliyinin tanınmasına doğru atılan təhlükəli addım” kimi qiymətləndirib. Keçmiş prezidentin sözlərinə görə, 2008-ci il müharibəsindən sonra administrasiya Sxinvali bölgəsindən olan məcburi köçkünlərlə onların yaşayış yerləri arasında “qanuni əlaqələndirici rol” oynayıb.