Gürcüstan Baş naziri NATO-nu sərt tənqid etdi

Gürcüstan Baş naziri İrakli Kobaxidze NATO-nun açıq qapı siyasətini “fars” adlandırdı, ölkənin milli maraqları çərçivəsində praqmatik yanaşacağını bildirdi.

61

Gürcüstan Baş Naziri İrakli Kobaxidze NATO-nun açıq qapı siyasətini “fars” adlandıraraq tənqid edib. Kobaxidze bildirib ki, bu siyasət əslində “ikiüzlüdür” və 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna üçün faciəli nəticələr doğurub.

Baş nazir vurğulayıb:

“Biz praqmatik yanaşacağıq və prioritetlər NATO-nun, müvafiq ölkələrin nələri önə çəkəcəyinə əsasən, milli maraqlarımız çərçivəsində hərəkət edəcəyik.”

2008-ci ildə NATO-nun Buxarest sammitində Tbilisi və Kiyev gələcək üzvlük vədini almış, lakin hələ də konkret zaman dilimi və fəaliyyət planı təqdim edilməyib. Gürcüstan və Ukrayna konstitusiyalarında NATO-ya üzvlük arzusu təsbit olunub.

Son iki ildə ABŞ və AB ilə münasibətlərin pisləşməsi Gürcüstanın NATO inteqrasiyası məsələsini qərb paytaxtlarının gündəmindən demək olar ki, çıxarıb. ABŞ-ın dekabrın əvvəllərində açıqladığı yeni milli təhlükəsizlik strategiyası NATO-nun genişlənməsinə son qoymağı prioritet elan edib və bu, Tbilisi üçün qeyri-müəyyənliyi artırır.