Alimlərdən maraqlı araşdırma: Göz rəngi insan xarakterini müəyyən edə bilərmi?

Örebro və Edinburq universitetlərinin araşdırmaları tünd, mavi, yaşıl, boz və qəhvəyi göz rənglərinin insan xarakterinə, davranışına və hətta ağrıya dözümlülüyə təsir göstərə biləcəyini ortaya qoyur.

76

İsveçin Örebro Universitetində aparılan genişmiqyaslı araşdırma göz rəngi ilə insan xarakteri arasında mümkün əlaqəni gündəmə gətirib. 428 nəfər üzərində aparılan təcrübənin nəticələri göstərib ki, göz rəngi insan davranışlarına və temperamentinə müəyyən təsir göstərə bilər. Edinburq Universitetinin tədqiqatçısı Dr. Entoni Fallone də bu fikri dəstəkləyərək bildirir ki, “gözlər neyroloji baxımdan beyinə ən yaxın orqandır və insanın daxili fəaliyyətinə dair mühüm ipucları verir”.

Tədqiqatlar göstərir ki, tünd qonur və qara gözlü insanlar liderlik xüsusiyyətləri, cəsarətli qərarlar vermək bacarığı və idman sahəsində yüksək nailiyyətlərlə seçilirlər. Tünd rəngli gözlərdə melaninin daha çox olması beyin hüceyrələri arasındakı əlaqələrin güclü olmasına işarə edir. “Personality and Individual Differences” jurnalında dərc olunan araşdırma isə bildirir ki, tünd gözlü insanlar açıq gözlülərlə müqayisədə daha az spirtli içki qəbul edir və tennis kimi hədəfə yönəlik idman növlərində daha uğurlu olurlar.

Mavi gözlər həm yüksək mənəvi güc, həm də fiziki dözümlülüklə əlaqələndirilir. Alman psixoloqların 2006-cı ildə apardığı araşdırma mavi gözlü uşaqların daha utancaq və ehtiyatlı olduğunu göstərsə də, onların rəqabətcil xarakterə malik olduqları da vurğulanır. Pittsburq Universitetində həyata keçirilən pilot araşdırma isə açıq gözlü qadınların doğuş zamanı ağrıya daha dözümlü olduqlarını və hamiləliyi daha yüngül keçirdiklərini ortaya qoyub. Dr. İnna Belferin rəhbərlik etdiyi araşdırmada açıq və tünd gözlü qadınlar müqayisə edilib və nəticələr açıq gözlü qrupun üstünlüyünü təsdiqləyib.

Boz gözlər nadir rəng hesab olunur və əslində mavi gözlərin daha çox melaninə malik variantı kimi qiymətləndirilir. Tünd boz gözlü insanların xaraktercə daha tarazlı olduğu, açıq boz gözlü şəxslərin isə özünü ifadə etməkdə çətinlik çəkdiyi bildirilir.

İşığa görə rəng dəyişən açıq darçını gözlər həm qonur, həm yaşıl, həm də boz çalarlara keçə bilir. Bu göz sahibləri azad ruhlu, planlaşdırmadan davranan və özünə güvənən insanlar kimi təsvir edilir. Cənubi Avstraliya Universitetinin mütəxəssisi Dr. Metyu Liç bu rəng qarışıqlarının bəzən qaraciyər mənşəli maddələrin qana qarışması ilə əlaqəli ola biləcəyini və belə insanların həzm problemlərinə meyilli olduğunu bildirir.

Qəhvəyi gözlər hər nə qədər tünd gözlərlə oxşar görünsə də, tamamilə fərqli kateqoriyada qiymətləndirilir. Karl Universitetinin araşdırması qəhvəyi gözlü insanların sadiq, nəzakətli və güvənilən şəxslər olduğunu göstərir. Bununla belə, onların itaətkar olmadıqları da vurğulanır. “Chronobiology” jurnalında dərc olunan araşdırmada isə qeyd edilir ki, qəhvəyi gözlü şəxslər açıq gözlülərə nisbətən gec yuxuya gedir və səhər erkən oyanmaqda çətinlik çəkirlər.

Yaşıl gözlər isə ən cazibədar və seksual rəng olaraq təsvir olunur. Los-Ancelesdə yerləşən İmpulse Corporation-un keçirdiyi sorğu göstərib ki, respondentlərin böyük əksəriyyəti xoşladıqları göz rəngi kimi yaşılı seçir. Göz həkimi Hamadi Kallelin fikrincə, yaşıl gözə sahib olan insanlar yaradıcı, orijinal düşüncəli və stress altında daha məhsuldar olma xüsusiyyətinə malikdirlər.