“Google” Avropa İttifaqında (Aİ) mümkün cərimənin qarşısını almaq üçün axtarış nəticələrində dəyişiklikləri sınaqdan keçirməyə hazırlaşır. Bu barədə məsələyə birbaşa bələd olan mənbə məlumat verib.
Məlumata görə, “Alphabet Inc.”-ə məxsus “Google”, otel, uçuş və restoran axtarışlarında öz xidmətlərinə üstünlük verməkdə ittiham olunur və bu səbəbdən Aİ-nin “Digital Markets Act” (DMA) qaydalarını pozduğu bildirilir.
Planlaşdırılan dəyişikliklərə əsasən, axtarış nəticələrində həm “Google”-un öz xidmətləri, həm də “şaquli axtarış xidmətləri” (VSS) göstəriləcək. Ən yüksək reytinqli rəqib platformalar standart olaraq ön planda təqdim ediləcək. Otellər, aviaşirkətlər, restoranlar və real vaxt məlumatları təqdim edən nəqliyyat xidmətləri isə bu siyahının yuxarısında və ya aşağısında yerləşdiriləcək.
Dəyişikliklərin ilkin mərhələdə Avropa üzrə yaşayış yerləri (otel) axtarışlarında tətbiq ediləcəyi, daha sonra isə uçuşlar və digər xidmətləri əhatə edəcəyi bildirilir.
Aİ qaydalarına əsasən, DMA pozuntularına görə şirkətlər qlobal illik gəlirlərinin 10 faizinə qədər cərimələnə bilər. “Google” 2017-ci ildən bəri Avropada müxtəlif antiinhisar pozuntularına görə ümumilikdə 9,71 milyard avro cərimə ilə üzləşib.
Avropa Komissiyası məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Aİ-nin texnologiya nəhənglərinə qarşı sərt nəzarəti ABŞ ilə münasibətlərdə də gərginliyi artırıb. Vaşinqton rəsmiləri Avropanın “Böyük Texnologiya” şirkətlərinə qarşı tədbirlərini tənqid edir.