General Keyn: “ABŞ və İsrailin məqsədi İranda hakimiyyət dəyişikliyidir”

ABŞ-nin istefada olan dördulduzlu generalı Cek Keyn bildirib ki, ABŞ və İsrailin hərbi kampaniyası İran rejiminin devrilməsi və siyasi transformasiya üçün şərait yaradılmasına yönəlib.

39

ABŞ Ordusunun keçmiş Qərargah rəis müavini, istefada olan dördulduzlu general Cek Keyn “Azadlıq Radiosu”nun fars xidməti – “Radio Farda”-ya müsahibəsində bildirib ki, fevralın 28-də başlayan ABŞ-İsrail hərbi kampaniyası İran İslam Respublikasının siyasi və hərbi strukturunu sarsıtmaq məqsədi daşıyır.

Hazırda “Institute for the Study of War” (ISW) rəhbəri olan generalın sözlərinə görə, əməliyyatın əsas hədəfi İranın regionda təsir imkanlarını məhdudlaşdırmaq, rejimin hərbi potensialını zəiflətmək və nəticə etibarilə hakimiyyət dəyişikliyi üçün şərait formalaşdırmaqdır. O qeyd edib ki, Vaşinqton və Təl-Əviv İranın Yaxın Şərqdə proksi qüvvələr vasitəsilə təsirini genişləndirməsinin, həmçinin ballistik raket və nüvə proqramlarını inkişaf etdirməsinin qarşısını almaqda qərarlıdır.

General Keyn bildirib ki, əməliyyatın ilk günü gözləniləndən daha ciddi nəticələrlə yekunlaşıb. Onun sözlərinə görə, ABŞ və İsrail komandanlığı ilə apardığı müzakirələr zamanı məlum olub ki, hərbi zərbələr bir neçə istiqamətdə planlaşdırılandan artıq effekt verib. O iddia edib ki, hücum zamanı yüksək səviyyəli rəhbər şəxslər də daxil olmaqla çoxsaylı hədəflər zərərsizləşdirilib.

Keyn əlavə edib ki, İranın hərbi strukturları adətən gecə saatlarında tam döyüş hazırlığı vəziyyətində olur və mümkün hücumların gecə həyata keçiriləcəyini ehtimal edirdi. Lakin əməliyyatın vaxtının dəyişdirilməsi və erkən mərhələdə həyata keçirilməsi gözlənilməz effekt yaradıb.

Generalın fikrincə, kampaniyanın strateji məqsədi yalnız hərbi infrastrukturu sıradan çıxarmaq deyil, həm də İran daxilində siyasi transformasiya üçün zəmin formalaşdırmaqdır. Bununla belə, regiondakı vəziyyətin necə inkişaf edəcəyi və mümkün siyasi nəticələrin hansı formada olacağı hələlik qeyri-müəyyəndir.