G7 ölkələri İrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görə biləcəklərini açıqladı

G7 ölkələrinin xarici işlər nazirləri İranda davam edən etirazlarla bağlı vəziyyətdən ciddi narahat olduqlarını bildirərək, insan haqları pozuntuları davam edərsə, Tehrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə hazır olduqlarını bəyan ediblər.

61

G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın adından yayımlanan birgə bəyanatda İranda davam edən etirazlarla bağlı baş verən son hadisələrdən dərin narahatlıq ifadə olunub.

Parisdə açıqlanan bəyanatda vurğulanıb ki, İran hakimiyyətinin 2025-ci ilin dekabr ayının sonundan etibarən daha yaxşı həyat, ləyaqət və azadlıq tələblərini səsləndirən və cəsarət nümayiş etdirən İran xalqına qarşı amansız repressiyaları gücləndirməsi qəti şəkildə pislənilir və ölkədə ölənlərin və yaralananların sayının yüksək olması ciddi narahatlıq doğurur.

Sənəddə zorakılığa qəsdən əl atılması, nümayişçilərin öldürülməsi, onların əsassız şəkildə saxlanılması və təhlükəsizlik qüvvələri tərəfindən qorxu taktikasına məruz qalması qınanaraq, İran tərəfi təmkinli davranmağa çağırılıb. Bəyanatda Tehrandan İran vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumasının gözlənildiyi bildirilib və qeyd olunub ki, İran beynəlxalq insan haqları hüququnu və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozaraq etirazların zorakılıqla yatırılmasını davam etdirərsə, G7 üzvləri olaraq əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsinə hazırdırlar.

Xatırladaq ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbilə Tehranın Böyük Bazarında ticarətçilərin aksiyaları ilə başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin 14 yanvar tarixli hesabatına əsasən, etirazlar zamanı ölənlərin sayı 147-si təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 2 min 550 nəfərə çatıb. İran rəsmiləri isə indiyədək etirazlar zamanı ölən və ya yaralananlarla bağlı rəsmi məlumat açıqlamayıb. Bildirilir ki, zorakılıq hallarının və polis müdaxiləsinin artması fonunda 9 yanvar tarixində ölkə üzrə internet bağlantısı dayandırılıb.