Uruqvay futbolunda hakimlik sisteminə yeni texnologiya gətirilib. Ölkə kubokunda ilk dəfə ənənəvi sarı və qırmızı kartları əvəz edə biləcək rəqəmsal cihaz sınaqdan keçirilib.
MSNews.az xəbər verir ki, yenilik oktyabrın 15-də Uruqvay Kubokunun “Nasional” – “Rentistas” qarşılaşmasında tətbiq olunub.
Bu barədə “El País” nəşri məlumat yayıb.
Uruqvay Futbol Assosiasiyasının (UFA) yerli texnologiya şirkəti ilə birgə hazırladığı cihaz iki düymə ilə idarə olunur. Düymələrdən biri basıldıqda ekran sarı, digəri basıldıqda isə qırmızı rəngə çevrilir.
Yeni sistemin əsas üstünlüyü hakimin qərarlarını və oyunçuların cəzalarını dərhal elektron bazaya ötürməsidir. Məlumatlar real vaxt rejimində UFA-nın istifadə etdiyi COMET sisteminə göndərilir. Bu isə hakimlərin oyun zamanı kağız və qələmlə qeydlər aparmaq ehtiyacını azalda bilər.
“El Observador” nəşrinin məlumatına görə, cihaz daha əvvəl “Defensor Sportinq” – “Plaza Koloniya” görüşündə də yoxlanılıb. Lakin günəş işığının ekranın görünməsinə mane olması səbəbindən baş hakim ondan istifadə edə bilməyib. Həmin qarşılaşmada texnologiya köməkçi hakimlər tərəfindən sınaqdan keçirilib.
Qeyd edək ki, rəqəmsal kartlar hələlik sınaq mərhələsindədir. Texnologiyanın bütün yarışlarda daimi tətbiqinə dair qərar açıqlanmayıb.