Fransa Hərbi Hava və Kosmik Qüvvələrinin komandan müavini general Dominik Tardif bildirib ki, Rusiya 2028-2029-cu illərdə NATO-nun dayanıqlığını sınağa çəkməyə cəhd edə bilər.
“Politico”-da yayımlanan müsahibədən sitat gətirən mənbələrə görə, o, belə ssenaridə Fransa hərbi aviasiyasının alyansın şərq cinahında “ilk gündən ön xətdə” ola biləcəyini deyib. Tardif bunu Baltik ölkələrində döyüş aviasiyasının olmaması və Rumıniyanın imkanlarının məhdudluğu ilə əsaslandırıb.
Generalın sözlərinə görə, Fransa hazırda Ukrayna və Yaxın Şərqdəki müharibələrdən çıxarılan dərslər əsasında hərbi planlamasını yeniləyir. Bu yenilənmədə ucuz antidron vasitələrinin hazırlanması, hava hücumundan müdafiənin gücləndirilməsi və yeni hərbi planlama qanununun hazırlanması əsas istiqamətlərdən biri kimi göstərilir; həmin sənədin 8 aprel tarixində təqdim olunacağı bildirilir.