Fransanın bu kəndində açıq məkanlarda mobil telefondan istifadə qadağan edildi

Fransanın Seine-Port kəndində açıq ictimai məkanlarda mobil telefon istifadəsi qadağan edilib. Qərar valideynləri, məktəb ətrafını və ailə həyatını da əhatə edir.

73

Fransanın paytaxtı Parisin cənubunda yerləşən Seine-et-Marne bölgəsindəki Seine-Port kəndində açıq ictimai məkanlarda smartfon istifadəsinə məhdudiyyət tətbiq olunub. Kənd rəhbərliyinin qərarına əsasən, yeni qaydalar çərçivəsində açıq ərazilərdə mobil cihazlardan istifadə qadağan edilib.

Qaydalara görə, kənd ərazisində gəzərkən, eyni zamanda, telefonla məşğul olmaq olmaz. Həmçinin restoran və kafelərdə yemək yeyərkən, eləcə də, mağazalarda olan zaman, parklarda skamyada oturarkən smartfonlardan istifadə edilməsinə icazə verilmir.

Qadağa məktəb girişlərində uşaqlarını gözləyən valideynləri də əhatə edir. Əhalisi 2 min nəfərdən az olan kənddə keçirilən səsvermədə 277 seçicinin 54 faizi texnologiya istifadəsinə məhdudiyyətlərin tətbiqini dəstəkləyib.

Kənddə, üzərində qırmızı xətt çəkilmiş smartfon təsviri olan xəbərdarlıq lövhələri bərbərxanalar da daxil olmaqla mağaza və xidmət obyektlərinin vitrinlərinə asılıb. Bölgədə yaşayan 34 yaşlı, iki uşaq anası Ludivin yerli mediaya açıqlamasında bu təşəbbüsü dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, bəzi insanlar bu addımı şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirir, lakin əsas məqsəd telefonların gündəlik həyata təsirinə diqqət çəkməkdir. Ludivin bir yaşlı uşağının heç vaxt smartfonla təmasda olmadığını, dörd yaşlı övladının isə dərs günlərində tamamilə ondan uzaq qaldığını deyib. Ən kiçik uşağın isə telefona yalnız çox qısa müddətə və yatdığı zaman baxdığını qeyd edib.

Səsvermə çərçivəsində kənd sakinləri ailələri əhatə edən və uşaqların smartfonla keçirdiyi vaxtı məhdudlaşdırmağı hədəfləyən xüsusi bir razılaşmanı da təsdiqləyiblər. Bu razılaşmanı imzalayanlar səhər saatlarında, yataq otaqlarında, yuxu öncəsi və yemək zamanı smartfonlardan istifadə etməməyə öhdəlik götürür.

Razılaşmanı imzalayan valideynlərin 15 yaşdan aşağı uşaqlarına yalnız zəng etməyə imkan verən köhnə tip mobil telefonlar verməsi nəzərdə tutulur. Bu telefonların yerli bələdiyyə vasitəsilə paylanacağı bildirilib.

Bundan əlavə, kənddə yol soruşmaq üçün smartfon xəritələrindən istifadə etmək əvəzinə insanlardan yol soruşmaq təşviq olunur. Məqsəd, ekran asılılığını azaltmaq və insanlar arasında canlı ünsiyyəti artırmaqdır.