Fransada keçirilən yerli seçkilərdə diqqət çəkən nəticə qeydə alınıb. Universitet təhsilini hələ tamamlamayan gənc siyasətçi Şarlotta Perefarre bələdiyyə sədri seçilib.
Məlumata görə, 21 yaşlı hüquq fakültəsi tələbəsi Perefarre, Fransanın Haute-Garonne bölgəsində yerləşən Saint-Baet-Lez qəsəbəsində keçirilən yerli bələdiyyə seçkilərində səslərin 86 faizini – 241 səsdən 207-ni alaraq – qazanaraq böyük üstünlüklə qalib gəlib. Beləliklə, o, tələbə olduğu dövrdə bələdiyyə rəhbərliyinə seçilən ən gənc siyasətçilərdən biri kimi diqqət çəkib.
Gənc siyasətçinin uğuru Fransada geniş müzakirələrə səbəb olub. Yerli media bu nəticəni seçicilərin gənc namizədlərə artan etimadının göstəricisi kimi qiymətləndirir.
Analitiklərin fikrincə, Perefarrenin böyük səs fərqi ilə qalib gəlməsi gənclərin yerli siyasətdə daha aktiv rol almağa başladığını göstərir. O, seçki kampaniyası zamanı xüsusilə gənclər, sosial layihələr və yerli inkişafla bağlı təşəbbüslərə diqqət yetirəcəyini bildirib.