Fransa fevralda Qrenlandiyada ilk konsulluğunu açacaq

Fransa fevralın 6-da Qrenlandiyada ilk konsulluğunu açacaq; Xarici İşlər naziri Jan-Noel Barro bunu ABŞ-ın adaya iddialarına qarşı siyasi siqnal kimi təqdim edib.

61

Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, ölkə fevralın 6-da Qrenlandiyada ilk konsulluğunu açacaq. Nazir qeyd edib ki, bu addım ABŞ Prezidenti Donald Trampın Danimarka muxtar ərazisini ələ keçirmək təhdidinə qarşı siyasi siqnal rolunu oynayacaq.

Barro RTL telekanalına verdiyi açıqlamada vurğulayıb ki, konsulluğun açılması Fransa üçün Danimarka Krallığının bütün ərazilərində mövcudluğunu genişləndirmək öhdəliyinin göstəricisidir və bu, həm siyasi siqnal, həm də Qrenlandiyada Fransa təsirini artırmaq məqsədini daşıyır.

Diplomat xatırladıb ki, konsulluğun açılması qərarı 2025-ci ilin yayında qəbul olunub, həmin vaxt Fransa Prezidenti Emmanuel Makron Danimarka adasına səfər edərək qrenlandlılarla “daha yaxın” olmaq və birlikdə işləmək niyyətini ifadə etmişdi. Barro əlavə olaraq qeyd edib ki, Qrenlandiya ABŞ-ın idarəçiliyini və inteqrasiyasını qəbul etmir, ölkə Danimarka, NATO və Avropa İttifaqını seçib.

“Hərbi işğal son dərəcə məntiqsiz görünür, çünki NATO-nun bir üzvü digər üzvə hücum edə bilməz, bu, ABŞ-ın maraqlarına da ziddir”, — deyə o bildirib.

Qeyd edək ki, əvvəlki dövrlərdə Qrenlandiyanın ABŞ iddialarından qorunması üçün onu Avropa İttifaqına daxil etmək təşəbbüsünü Almaniyanın sabiq vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek irəli sürmüşdü.