Frans Pyerronun efirdən uzaqlaşdırıldığı iddia olunur

Fransız teleaparıcı Frans Pyerronun Jeremi Doku ilə bağlı qalmaqallı sözlərindən sonra "L’Équipe" kanalında efirdən kənarlaşdırıldığı iddia edilir. Kanal isə onun açıqlamalarından uzaqlaşaraq üzr istəyib.

12

Fransız teleaparıcı Frans Pyerron Jeremi Doku ilə bağlı açıqlamalarından sonra qalmaqalın mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, “Foot Mercato” jurnalist Klement Qarinə istinadən Pyerronun “L’Équipe” kanalında efirdən uzaqlaşdırıldığını və bazar ertəsi “L’Équipe de Choc” proqramını aparmayacağını yazıb. Bununla belə, telekanal tərəfindən bu qərarla bağlı rəsmi təsdiq hələlik açıqlanmayıb.

Qalmaqal Pyerronun Belçika millisinin futbolçusu Jeremi Doku barədə fikirlərindən sonra yaranıb. Doku həyat yoldaşının doğumu ilə əlaqədar dünya çempionatından müvəqqəti ayrılmaq istədiyini bildirmişdi. “Reuters” yazır ki, Pyerron bu qərarı tənqid edib və doğum zamanı atanın rolunu kiçildən ifadələr işlədib.

“Le Parisien” məlumatına görə, “L’Équipe” qrupu yayımladığı açıqlamada Pyerronun sözlərindən uzaqlaşdığını bildirib və Jeremi Doku ilə tamaşaçılardan üzr istəyib. Kanal həmin fikirlərin qrupun dəyərlərindən uzaq olduğunu qeyd edib.

Frans Pyerron daha sonra sosial şəbəkədə açıqlama yayaraq sözlərinin şəxsi fikir olduğunu bildirib və onları eşidənləri incitdiyinə görə üzr istəyib. O, ataların ailədəki rolunu azaltmaq niyyətində olmadığını vurğulayıb.