Foreign Affairs: “İran ABŞ-ı Körfəzdə siyasi cəhətdən zəiflətməyə çalışır”

Narqes Bajoglinin "Foreign Affairs"-dəki məqaləsinə görə, İranın əsas strategiyası ABŞ-ı hərbi yox, siyasi baxımdan zəiflətmək və Körfəz ölkələrinin Vaşinqtona etimadını sarsıtmaqdır.

65

İran üzrə ekspert, Cons Hopkins Universitetinin professoru Narqes Bajoglinin “Foreign Affairsdə dərc olunan “Iran’s Long Game” məqaləsinə görə, Tehran üçün əsas məqsəd ABŞ üzərində birbaşa hərbi qələbə qazanmaq deyil, Vaşinqtonun Fars körfəzindəki təhlükəsizlik sistemini ərəb tərəfdaşlar üçün getdikcə daha az sərfəli etməkdir. Məqalədə vurğulanır ki, İran onilliklərdir ABŞ-ın bölgədə qurduğu hərbi-siyasi dayaqları zəiflətmək üçün uzunmüddətli strategiya yürüdür. 

Bajoglinin təhlilinə görə, ABŞ 1990–1991-ci illər Körfəz müharibəsi dövründən başlayaraq Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də qurduğu təhlükəsizlik infrastrukturunu zamanla daimi hərbi mövcudluğa çevirib. Bu modelin əsasında sadə razılaşma dayanırdı: Körfəz ölkələri regional təhlükəsizlik və ABŞ-ın ümumi xətti ilə uzlaşır, əvəzində isə Vaşinqtondan təhlükəsizlik zəmanəti alırdı. Tehran isə bu şəbəkəni müdafiə ittifaqı yox, gələcəkdə İrana qarşı istifadə oluna biləcək hücum platforması kimi görürdü.

Məqalədə qeyd olunur ki, İran bu sistemin zəif nöqtəsini də erkən başa düşmüşdü: onun davamlılığı təkcə ABŞ hərbi gücündən yox, həm də Körfəz monarxiyalarının Vaşinqtona siyasi etimadından asılı idi. Bajogli yazır ki, Tehran uzun illər bu etimadı sarsıtmağa çalışsa da, dönüş nöqtəsi 2019-cu ildə baş verdi. Həmin il Səudiyyə Ərəbistanının Abqaiq və Xurays neft obyektlərinə hücumdan sonra ABŞ hərbi cavab vermədi və bu, Körfəzdə Amerika zəmanətlərinin etibarlılığı barədə ciddi suallar yaratdı. “Reuters” həmin hücumların qlobal neft təchizatına ciddi zərbə vurduğunu və Vaşinqtonun birbaşa cavabdan çəkindiyini sənədləşdirmişdi.

Bajogliyə görə, bu çatlar 2025-ci ildə Dohada HƏMAS nümayəndələrinə qarşı İsrail zərbəsindən sonra daha da dərinləşdi. “Associated Press” həmin zərbənin 202-ci ilin sentyabrında Qətərdə baş verdiyini, Qətərin bunu sərt şəkildə pislədiyini və regionda vasitəçilik diplomatiyasını sarsıtdığını yazmışdı. Bu xətt üzrə əsas mesaj belə idi: ABŞ və onun yaxın tərəfdaşları kritik məqamlarda Körfəz ölkələrinin yox, başqa prioritetlərin arxasınca gedə bilər.

Müəllif hesab edir ki, hazırkı ABŞ-İran qarşıdurması bu ziddiyyəti daha açıq göstərib. Onun fikrincə, ABŞ və İsrailin hava hücumundan müdafiə sistemləri ilk növbədə İsraili qorumağa fokuslanarkən, Körfəz ölkələri öz infrastrukturunun eyni səviyyədə qorunmadığını görür. Bu, Əbu-Dabi, Doha, Küveyt, Manama və Ər-Riyadda yeni sual doğurur: ABŞ təhlükəsizlik sistemi həqiqətən onları qorumaq üçündürmü, yoxsa onlar daha böyük strategiyanın köməkçi elementi rolunu oynayırlar? Bu nəticə Bajoglinin məqaləsinin əsas analitik xəttidir.

Məqalənin əsas nəticəsi budur ki, İranın “uzun oyunu” ABŞ bazalarını bombalamaqdan daha çox, həmin bazaların ərəb tərəfdaşlar üçün siyasi yükə çevrilməsinə nail olmaqdır. Bajogli yazır ki, əgər Körfəz ölkələri Vaşinqtonun zəmanətlərinə əvvəlki kimi inanmırsa, gələcəkdə onlar ABŞ bazalarını saxlamağa, kəşfiyyat məlumatı paylaşmağa və Amerika əməliyyatlarını maliyyələşdirməyə daha az həvəsli ola bilərlər. Tehran da, məhz, bu şübhələri dərinləşdirməyə çalışır.

Beləliklə, Bajoglinin yanaşmasında İranın strateji uğuru tanklarla yox, siyasi aşınma ilə ölçülür: məqsəd ABŞ-ı hərbi meydanda məğlub etmək deyil, onun Fars körfəzindəki mövcudluğunu yerli tərəfdaşlar üçün getdikcə daha baha və daha riskli etməkdir. Bu, məqalənin mərkəzi tezisidir və regionda son hadisələr fonunda daha aktual görünür.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.