Finlandiya Müdafiə Qüvvələrində kişilərə uzun saç saxlamaq hüququ veriləcək.
MSNews.az xəbər verir ki, “Yle” iyulun əvvəlindən qüvvəyə minəcək yeni qaydalara əsasən, kişi hərbçilərin də uzun saç saxlaya biləcəyini yazıb. Bundan sonra bütün hərbçilər üçün vahid saç qaydaları tətbiq olunacaq.
Yeni qaydalara görə, uzun saça icazə verilsə də, saç açıq buraxılmamalıdır. Əsas tələblər əvvəlki kimi qalır: boyun açıq olmalı, qulaqlar görünməli, saçlar isə gözləri örtməməlidir.
“Ruotuväki” yazır ki, dəyişiklik Finlandiya Müdafiə Qüvvələrinin yeni ümumi xidmət qaydaları çərçivəsində tətbiq olunur. Qurumun şəxsi heyət üzrə rəisi, general-leytenant Rami Saari bildirib ki, saçın uzunluğu hərbçinin döyüş qabiliyyətinə təsir etmir.
Bununla belə, diqqətçəkən saç modelləri, o cümlədən irokez tipli saç düzümü, həmçinin parlaq və qeyri-adi rənglərlə saç boyamaq qadağan olaraq qalacaq. Finlandiya ordusunda üz tükləri ilə bağlı məhdudiyyətlər də əvvəlki kimi saxlanılır.
“Yle”nin məlumatına görə, uzun saç kişilər üçün artıq İsveç və Norveç silahlı qüvvələrində də icazəlidir. Finlandiyada isə indiyədək kişilərin saçlarının qısa və səliqəli olması tələb edilirdi.