İranın “Fars” agentliyinin Suriya Prezidenti Əhməd əş-Şaraanın “Hizbullah”la bağlı mövqeyinə verdiyi şərh Suriyada təşkilatın keçmiş rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
MSNews.az xəbər verir ki, “Fars” agentliyi əş-Şaraanın Livanda “Hizbullah”a qarşı hərbi cəbhə açmaq istəməməsini “Hizbullah qorxusu” kimi təqdim edib. Agentlik yazıb ki, əş-Şaraa ABŞ Prezidenti Donald Trampın “Hizbullah” məsələsində Suriyaya rol verilməsi fikrinə mənfi yanaşıb.
“Reuters” daha əvvəl Trampın Şaraa ilə “Hizbullah” mövzusunu müzakirə etdiyini yazmışdı. Agentliyin məlumatına görə, Şaraa Suriyanın Livana hərbi müdaxilə etmək niyyətində olmadığını bildirib və bunun məzhəbi gərginliyi artıra biləcəyini vurğulayıb.
“Al Jazeera” Şaraanın açıqlamasına istinadən bildirib ki, Dəməşq Livan böhranının siyasi yolla həllini dəstəkləyir və Suriyanın maraqlarına uyğun olarsa, bütün tərəflərlə, o cümlədən “Hizbullah”la dialoqa hazırdır.
Məsələ Suriyada “Hizbullah”ın keçmiş rolu fonunda daha həssas görünür. “Reuters” yazırdı ki, “Hizbullah” döyüşçüləri Suriya müharibəsinin ilk illərindən Bəşər Əsəd qüvvələrinin yanında döyüşüb və 2013-cü ildə Homs vilayətində Quseyr uğrunda döyüşlərdə mühüm rol oynayıb. Eyni mənbə İranın dəstəklədiyi şiə silahlı qrupların da Əsəd qüvvələrinə dəstək verdiyini qeyd etmişdi.
“Reuters” 2015-ci ildə Suriya ordusu, İran və “Hizbullah” müttəfiqlərinin Rusiya aviasiyasının dəstəyi ilə Hələb istiqamətində hücuma hazırlaşdığını yazmışdı. “Human Rights Watch” isə Suriya hökuməti və Rusiya qüvvələrinin Şərqi Qutada mülki ərazilərə hücumlarını sənədləşdirib.
Suriyada illərlə davam edən müharibə ölkədə ağır humanitar nəticələr yaradıb. “UNHCR” məlumatına görə, milyonlarla suriyalı hələ də ölkə daxilində məcburi köçkün vəziyyətindədir. Bu səbəbdən Şaraanın Livanda yeni hərbi cəbhə açmaqdan imtinası Dəməşqin müharibədən sonrakı bərpa və daxili sabitlik prioritetləri ilə əlaqələndirilir.