2018-ci ilin aprelində Afrika xəritəsində diqqətçəkən bir dəyişiklik edildi: uzun illər “Svazilend” kimi tanınan kiçik krallıq öz adını Esvatini olaraq dəyişdirdi. Kral III Msvati ölkənin müstəqilliyinin 50 illiyi münasibətilə keçirilən mərasimdə ad dəyişikliyini elan edərək, “Biz – qalayıq!” devizini ölkənin yeni simvolu kimi təqdim etdi.
Esvatini idarəetmə forması baxımından dualist monarxiya hesab edilsə də, real güc III Msvatinin əlində cəmlənib. O, 1986-cı ildən bəri ölkəni idarə edir və bu müddət ərzində istər siyasi, istər iqtisadi, istərsə də, mədəni sahələrdə onun təsiri hökmrandır.
Banknotlardan tutmuş geyim və suvenirlərə qədər bir çox sahədə kralın təsvirinə rast gəlinməsi, onun ölkə həyatında nə qədər dominant sima olduğunu göstərir.
Esvatinidə iki palatalı parlament – Milli Məclis və Senat mövcuddur. Lakin bu strukturlar əsasən kralın yanında məsləhətçi funksiyası daşıyır və real qanunvericilik səlahiyyətləri demək olar ki, yoxdur. Ölkədə siyasi partiyaların fəaliyyəti tam qadağan edilib.
Ölkənin ən məşhur tədbirlərindən biri illik Umxlanqa – “Qamış rəqsi” festivalıdır. Hər il 50–70 min gənc qız bu mərasimdə iştirak edir. Mərasim ənənəvi mədəni irsin bir parçası sayılsa da, kralın yeni həyat yoldaşı seçməsi üçün istifadə olunması beynəlxalq aləmdə mübahisələr yaradır. III Msvatinin artıq 150-dən çox həyat yoldaşı olduğu bildirilir; onların hər biri ayrı sarayda yaşayır.
“Forbes” jurnalına görə, III Msvati dünyanın ən varlı 15 monarxından biridir. Lakin bu zənginlik ölkə əhalisinin güzəranında öz əksini tapmır: Svazilend uzun illərdir Afrikanın ən kasıb ölkələrindən biri hesab olunur. Əhalinin böyük hissəsi günə yarım dollardan az gəlirlə yaşayır.
Esvatini HIV/AIDS-in ən çox yayıldığı ölkələrdən biridir. Gənc nəsilin təxminən üçdə biri virus daşıyıcısıdır. Şəhər küçələrində bu mövzuda maarifləndirici plakatların çoxluğu vəziyyətin ciddiliyini əks etdirir.
Parasızlıq və sosial problemlərə baxmayaraq, ölkə təbiət baxımından olduqca zəngindir. Yaşıllıqlar, yüksək dağlıq ərazilər, saf çaylar və zəngin fauna Esvatinini təbiətsevərlər üçün cəlbedici məkana çevirir.
Burada mavi kəl, antilop, zebra, begemot və fil kimi nəhəng məməlilərə tez-tez rast gəlinir.
Ənənəvi svazi memarlığının əsas elementi dairəvi formalı evlərdir. Ölkədə iki rəsmi dil mövcuddur — ingilis və svazi dili. Əhalinin 90%-i svazi dilində danışır. Əhalinin yarısından çoxunun 14 yaşdan aşağı olması Esvatinini dünyanın ən gənc ölkələrindən birinə çevirir.
Esvatinin məhkəmə sistemi bəzi cinayətlər üçün cismani cəzaları hələ də tətbiq edir. Bu cəzalar, xüsusilə, yeniyetmələrə qarşı geniş yayılıb. Rəsmi olaraq ölüm cəzası qüvvədə qalsa da, 1983-cü ildən bəri icra edilməyib.
Ölkənin ərazisində tapılmış Lembobo sümüyü riyaziyyat tarixinin ən qədim nümunələrindən biri hesab olunur. 37 min ildən çox yaşı olan bu tapıntının hesablamalar üçün istifadə edildiyi düşünülür.
Esvatinəyə səfər zamanı vizanı birbaşa sərhəddə problemsiz əldə etmək mümkündür ki, bu da ölkəni turistlər üçün daha əlçatan edir.