İqtidara yaxınlığı ilə tanınan köşə yazarı Abdulkadir Selvi “Ərdoğan sonrası” dövr ətrafında aparılan müzakirələrə münasibət bildirib və bu çərçivədə dörd adın ön plana çıxarıldığını yazıb.
Selvi qeyd edir ki, AK Parti daxilində qarışıqlıq yaratmaq, partiyanın önəmli simalarını bir-birinə qarşı qoymaq məqsədi daşıyan planlar mövcuddur. Onun fikrincə, bu üsullar daha əvvəl ANAP və DYP partiyalarında tətbiq olunub və indi də “Ərdoğan sonrası” adı altında AK Parti üçün gündəmə gətirilir.
Müəllif vurğulayır ki, AK Parti qurulduğu gündən bu yana onu hakimiyyətə daşıyan güclü bir lider varkən, alternativ lider axtarışına girməsi məntiqsizdir. Selvinin sözlərinə görə, AK Parti artıq 23 ildir hakimiyyətdədir və bu müddət ərzində partiyadan iki prezident və dörd baş nazir çıxıb. O bildirir ki, Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdini dəf edib və növbəti seçkilərdə də qalib gələrək prezident kimi yoluna davam edəcək. Selvi hesab edir ki, belə bir dövrdə təcrübəli və güclü liderə sahib olmaq Türkiyə üçün ciddi üstünlükdür.
Abdulkadir Selvi yazısında müxalifət lideri Özgür Özəli Qərbə Türkiyəni şikayət etməkdə ittiham edir, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunu isə “yerli Zelenski” kimi təqdim edir. O, bu cür fiqurların Türkiyənin gələcəyi üçün uyğun alternativ olmadığını vurğulayır.
Selvinin yazısında “Ərdoğan sonrası” dövr üçün adı hallanan dörd əsas şəxs kimi Türkiyənin xarici işlər naziri Hakan Fidanın, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının, Prezident Ərdoğanın oğlu Bilal Ərdoğanın və kürəkəni Selçuk Bayraktarının adları çəkilir.