Epşteynin varisi mirasdan məhrum edildi

Ceffri Epşteynin belarusəsilli varisi Karina Şulyak vəsiyyətdə göstərilən 100 milyon dolları və daşınmaz əmlakı almayacaq. ABŞ və Fransa aktivləri donduraraq qurbanlar üçün kompensasiya fonduna yönəldib.

38

Amerikalı maliyyəçi Ceffri Epşteynin ölümündən sonra ən çox müzakirə olunan fiqurlardan biri onun sonuncu həyat yoldaşı kimi təqdim edilən belarusəsilli Karina Şulyak olub.

Məlumata görə, Epşteyn 2019-cu ilin avqustunda həbsxanada olarkən vəsiyyətini yenidən tərtib edib və əsas benefisiar kimi məhz Şulyakı göstərib.

Sənədlərə əsasən, Karina Şulyak təxminən 100 milyon dollar vəsait, Manhettendə dəbdəbəli malikanə, Parisdə mənzil, Epşteynə məxsus şəxsi adalar, Nyu-Meksikoda ranço və qiymətli zinət əşyaları əldə etməli idi. Lakin bu miras reallaşmayacaq.

ABŞ və Fransa hakimiyyət orqanları Epşteynə məxsus bütün aktivləri dondurub. Qərara əsasən, bu əmlak və maliyyə vəsaitləri birbaşa Epşteynin cinayətlərindən zərər çəkmiş şəxslər üçün yaradılan kompensasiya fonduna yönəldiləcək. Beləliklə, vəsiyyətdə adı çəkilən Karina Şulyak hüquqi baxımdan mirasdan kənarda qalır və ona heç bir ödəniş edilməyəcək.

Rəsmi qurumlar bildirirlər ki, əsas məqsəd Epşteynin fəaliyyəti nəticəsində zərər görmüş qurbanların maddi və mənəvi itkilərinin qismən də olsa qarşılanmasıdır. Bu qərar Epşteyn işi üzrə beynəlxalq hüquqi proseslərin hələ də davam etdiyini və məsuliyyət məsələsinin prioritet olaraq qaldığını göstərir.