ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun adının çəkildiyi məlum olub.
ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epşteyn işi üzrə üç milyondan çox yeni sənədin ictimaiyyətə təqdim edildiyini açıqladıqdan sonra dərc olunan materiallarda Makronun adının 2017-ci ildə prezident seçilməsindən əvvəlki və sonrakı dövrlərə aid çoxsaylı yazışmalarda yer aldığı diqqət çəkib.
Sənədlərdə Epşteynin Makronun bir sıra məsələlərdə ondan məsləhət və yardım istədiyini iddia etdiyi görünür. Belə ki, Epşteyn 17 sentyabr 2018-ci ildə Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Borge Brendeyə göndərdiyi və məxfi olduğunu vurğuladığı elektron məktubda Makrona istinad edərək, qlobal problemlərin öhdəsindən daha yaxşı gəlmək üçün idarəetmə, beynəlxalq institutlar, öhdəliklər və dövlətlə özəl sektor arasında münasibətlərin yenidən düşünülməsi, qurulması və icad edilməsinin vacibliyini qeyd edib və daha irəliləyişçi gələcək üçün hansı sosial-iqtisadi innovasiyaların dəstəklənməli olduğu sualını səsləndirib.
Sənədlərdə həmçinin Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan Əhməd bin Sulayemin 22 mart 2016-cı ildə Epşteynə göndərdiyi məktubda Yelisey sarayında nahar etdiyini və həmin dövrdə Fransanın maliyyə naziri olan Makronla Fransadakı biznes maraqları barədə “yaxşı müzakirə” apardığını bildirdiyi yer alıb.
Epşteynin 30 avqust 2018-ci il tarixli başqa bir yazışmasında isə Makronun demək olar ki, institutlar, siyasət və elm də daxil olmaqla hər mövzuda ondan fikir istədiyini iddia etdiyi, Makronu “Avropaya, bəlkə də dünyaya liderlik etmək istəyən şəxs” kimi xarakterizə etdiyi qeyd olunur.
Makronun Epşteynlə mümkün əlaqələrinə Fransada siyasi reaksiya da gəlib və “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yaydığı açıqlamada Makronun prezidentliyi dövründə və ondan əvvəl Epşteynlə birbaşa və ya dolayı iş münasibətlərinin olmasına etiraz edərək, bunun Fransanın milli təhlükəsizliyini təhlükə altına atdığını bildirib və araşdırma aparılmasına çağırıb.
Xatırladaq ki, yaşı 14-dən başlayan onlarla azyaşlı qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu Yorkdakı Manhetten Metropolitan Həbsxanasındakı kamerasında ölü tapılmışdı. Açıqlanan məhkəmə sənədlərində Şahzadə Endryu, ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrailin baş naziri Ehud Barak, sabiq vitse-prezident Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Koperfild, vəkil Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış adlar yer alsa da, ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmadığını və Epşteynin öldürülmədiyini, kamerada intihar etdiyini açıqlayıb.