Epşteynin Nyu-Yorkdakı mənzilinin təhlükəsizlik sistemini İsrail hökuməti qurub – İDDİA

Ceffri Epşteynin Nyu-Yorkda qaldığı apartmanın təhlükəsizlik sisteminin İsrail hökuməti tərəfindən qurulduğu iddia olunur. ABŞ Ədliyyə Nazirliyinin e-poçtları yeni detalları üzə çıxarır.

31

ABŞ-də yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunduğu dövrdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin Nyu-Yorkda qaldığı apartmanın təhlükəsizlik sisteminin İsrail hökuməti tərəfindən qurulduğu iddia edilib.

Qeyri-kommersiya əsaslı Drop Site News” xəbər saytının ABŞ Ədliyyə Nazirliyinin son vaxtlar yaydığı elektron məktublara istinadən verdiyi məlumata görə, Epşteynin Nyu-Yorka səfərləri zamanı qaldığı mənzildə təhlükəsizlik avadanlıqlarının quraşdırılması 2016-cı ilin əvvəlində başlayıb. Həmin binada İsrailin keçmiş baş naziri Ehud Barakın da mütəmadi olaraq qaldığı bildirilir.

Məlumata əsasən, Epşteyn təhlükəsizlik sistemlərinin quraşdırılmasına şəxsən razılıq verib və bu proses çərçivəsində onun əməkdaşları ilə İsrailin təhlükəsizlik strukturlarının nümayəndələri arasında görüşlər keçirilib. E-poçt yazışmaları göstərir ki, Barakın qaldığı mənzildə təhlükəsizlik işləri azı iki il davam edib və İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin əməkdaşları bu məsələ ilə bağlı Epşteynin personalı ilə mütəmadi əlaqə saxlayıblar.

Xəbərdə həmçinin qeyd olunur ki, binadakı bəzi mənzillər Epşteynlə əlaqəli şəxslərə icarəyə verilib və bu məkanlardan yetkinlik yaşına çatmayan modellərin yerləşdirilməsi üçün istifadə edildiyi iddia olunur. Saytın redaksiya heyəti özünü “müstəqil və mövcud sistemə qarşı tənqidi mövqedə” təqdim edir.

Epşteyn ilə Barak arasındakı əlaqələr ilk dəfə 2019-cu ildə, milyarder iş adamının Manhettendəki həbsxanada ölü tapılmasından sonra mediada gündəmə gəlmişdi. Həmin dövrdə Barakın Epşteynlə bir neçə dəfə görüşdüyü təsdiqlənmişdi. İsrailin hazırkı baş naziri Binyamin Netanyahu isə Barakın Epşteynlə münasibətlərinin onun İsraillə bağlarını gücləndirməkdən daha çox zəiflətdiyini iddia etmişdi.