ABŞ-li maliyyəçi Ceffri Epşteynlə bağlı yeni faktlar üzə çıxıb. Britaniyanın “The Times” qəzetinin uçuş qeydlərinə əsaslanan araşdırmasına görə, Epşteynin yaratdığı azyaşlı qızların cinsi istismarı şəbəkəsində yer alan qadınlar onun 2019-cu ildə həbsinə qədər Böyük Britaniya hava limanlarından istifadə edərək digər ölkələrə səfər ediblər.
Məlumata əsasən, Epşteynə məxsus xüsusi təyyarə 60-dan çox dəfə Britaniya hava limanlarına eniş edib. Eyni zamanda, onun qurduğu şəbəkədə yer alan qadınların da 2019-cu ilə qədər müntəzəm reyslərlə Britaniya hava limanları üzərindən daşındığı müəyyən olunub.
Araşdırmada Londonun qərbində yerləşən və Kral Hərbi Hava Qüvvələrinə məxsus RAF Northolt hərbi bazasının da istifadə edildiyi bildirilir. Məsələ ilə bağlı altı müxtəlif hüquq-mühafizə orqanının məlumatları araşdırdığı qeyd olunur.
Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun da məsələ ilə bağlı altı polis idarəsinə sorğular ünvanlayıb. O, xüsusilə kral ailəsinin üzvü Endryunun hərbi bazalar vasitəsilə Epşteynlə əlaqəli qadınlarla görüşüb-görüşmədiyi məsələsinə aydınlıq gətirilməsini istəyib.
Araşdırma çərçivəsində əldə olunan məlumatlara görə, bir rusiyalı qadın 2019-cu ilin iyul ayında London–Nyu-York marşrutu üzrə uçuş həyata keçirib. O, 1 iyulda Londondan Nyu-Yorka gedib, 9 iyulda isə geri qayıdıb. Qadın üçün Epşteynin köməkçisi tərəfindən ləğv edilə bilən otel rezervasiyasının edildiyi də ortaya çıxıb.
Bundan əlavə, Epşteynin xüsusi təyyarəsinin 2015-ci ilin may ayında RAF Northolt bazasına enərək yanacaq götürdüyü məlum olub. Digər səfərlərində isə o, əsasən Londonun Luton Airport hava limanından istifadə edib.