İnsan ünsiyyəti əsrlər boyu sadə jest və işarələrdən başlayaraq mürəkkəb yazı sistemlərinə qədər inkişaf edib. Lakin rəqəmsal texnologiyaların sürətli yüksəlişi bu inkişaf prosesinə yeni bir istiqamət verib. Sosial şəbəkələrdə sözlərin yerini getdikcə daha çox simvollar və emojilər tutur. Bu dəyişiklik təsadüfidirmi, yoxsa bəşəriyyət doğrudan da universal və hamı tərəfindən anlaşılan yeni bir dilə – emoji dilinə doğru irəliləyir?
Lakin son illər, xüsusilə, informasiya texnologiyalarının hədsiz inkişafı sayəsində insanlar arasında sanki ünsiyyət zəifləməsi müşahidə olunmaqdadır. Bunu gündəlik həyatımızda demək olar ki, hər gün görə bilərik. Küçədə, metroda, dayanacaqda hər kəsi ya əlində smartfonları ilə məşğul olan, ya da qulaqcıqda musiqi dinləyən şəkildə görürük. Sosial şəbəkələrdə də vəziyyət eynidir. Bu gün fikrimizcə, ünsiyyətin zəifləməsinə, kasadlaşmasına ən böyük “töhfə”ni sosial şəbəkələr verir. Sosial şəbəkələr insanların öz fikirlərini bəzən yalnız bir işarə (smaylik) ilə ifadə etməsini təmin edəcək qədər “hökmrandır”… Bunu hər birimiz “Messenger”, “Whatsapp”, “Instagram” yazışmalarında görə və duya bilirik.
Bütün bunlar onu deməyə əsas verir ki, bəşər övladı çox tez bir zamanda emoji dilinə keçid edəcəkdir.
Çinli rəssam, Syu Binq (Xu Bing) bu mövzuda xeyli maraqlı bir kitab yazıb. Kitab “Yerdən gələn kitab” (The Book about Xu Bing’s Book from the Ground) adlanır. Qeyd edək ki, Syu bundan əvvəl – 90-cı illərin əvvəllərində “Göy üzündən gələn kitab”ı (Book from the Sky) oxucularına təqdim etmişdir. Əvvəlki kitab Sonq və Minq sülaləri dövrünə aid əlyazmalardakı işarələri (onlar heç bir məna kəsb etmirdi, sadəcə gözəl xəttatlıq nümunələri idi) əks etdirirdi.
Yeni kitab isə, demək olar ki, emoji kitabıdır. O, bunu hava limanlarında olan məlumat plakatlarına baxıb təsirlənərək yazdığını qeyd edir. Bu məlumat plakatlarında kafeləri, ayaqyolunu, mağazaları və s. bildirən şərti işarələr əks olunur.
Mütəxəssislər qeyd edir ki, yaxın 20-30 il ərzində dünyada yeganə dil kimi emojilərdən istifadə olunacaq. Bu, millət, dil fərqi olmadan hər kəs tərəfindən anlaşılacaq işarələrdən istifadəni özündə ehtiva edir.

