Almaniyanın kiçik Şpizen-Elversberq qəsəbəsini təmsil edən “Elversberq” klubu tarixində ilk dəfə Bundesliqaya yüksəlib. Cəmi 13 minə yaxın əhalisi olan qəsəbənin komandası 2-ci Bundesliqanın son turunda “Pröysen Münster”i 3:0 hesabı ilə məğlub edərək mövsümü ikinci pillədə tamamlayıb və birbaşa yüksək liqaya vəsiqə qazanıb.
Qarşılaşmada “Elversberq”in qollarını Bambase Konte və David Mokva vurublar. Mokva matçda dubl edib. Bu qələbə komandanın “Paderborn”u top fərqinə görə qabaqlamasına və Bundesliqaya birbaşa yüksəlməsinə kifayət edib.
Bu uğur Almaniya futbolunda əsl nağıl kimi qiymətləndirilir. Çünki “Elversberq” cəmi bir neçə il əvvəl dördüncü divizion sayılan “Regionalliga Südwest”də çıxış edirdi. Klub 2021/22 mövsümündə “Regionalliga Südwest” çempionu olaraq 3-cü Liqaya yüksəlib, 2022/23 mövsümündə isə 3-cü Liqanı qazanaraq tarixində ilk dəfə 2-ci Bundesliqaya vəsiqə əldə edib.
“Elversberq” Bundesliqa tarixində yüksək liqada çıxış edəcək 59-cu klub olacaq. Almaniya mediası yazır ki, bu yüksəlişlə Saarland bölgəsi 33 ildən sonra yenidən Bundesliqa səhnəsinə qayıdır.
Komanda ötən mövsüm də Bundesliqaya yüksəlməyə çox yaxın idi, lakin pley-off mərhələsində “Haydenhaym”a uduzaraq şansı əldən vermişdi. Bu dəfə isə “Elversberq” mövsümün həlledici günündə səhvə yol vermədi və kiçik qəsəbə klubunun böyük futbol xəyalı reallığa çevrildi.