İranın Ali Lideri Əli Xameneinin İsrail zərbəsi nəticəsində həlak olması ilə bağlı iddialar daha da güclənib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “biz Xameneinin olduğu yeri vurmuşuq” və onun artıq sağ olmadığına dair “bir çox əlamətlər” var.
İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter də Xameneyinin ölüm faktını təsdiqləyib. Eyni zamanda, “Reuters” və “Times of Israel” nəşrləri, həmçinin “KAN” kanalı da yüksək rütbəli israilli məmurlara istinadən bu xəbəri paylaşıblar.
İsrailli jurnalist Amit Seqal isə Xameneinin “demək olar ki, şübhəsiz ölü olduğunu” iddia edib. Onun sözlərinə görə, zərbə nəticəsində Xameneinin hərbi katibi və ailə üzvləri də həlak olub. Segal qeyd edib ki, hücum ABŞ tərəfindən deyil, məhz İsrail tərəfindən həyata keçirilib və kompleksə təxminən 30 bomba atılıb.
Bundan əlavə, “İsrailin Səsi” adlı media resursu Xameneinin zərərsizləşdirildiyini və cəsədinin dağıntılar altından çıxarıldığını iddia edib.
Eyni zamanda, İranın Mədəniyyət Nazirliyi Ali Rəhbərin əvvəlcədən planlaşdırılan çıxışının baş tutmayacağını açıqlayıb. Halbuki daha öncə onun xalqa müraciət edəcəyi bildirilmişdi.
Rəsmi Tehran tərəfindən Xameneinin ölümü ilə bağlı hələlik təsdiq verilməyib. Məlumatlar müxtəlif mənbələrə əsaslanır və müstəqil təsdiq yoxdur.