Əfqanıstan paytaxtı Kabildə səhər tezdən partlayış və silah səsləri eşidilib. Taliban administrasiyası Pakistan hərbi təyyarələrinə qarşı hava hücumundan müdafiə atəşi açıldığını bəyan edib. Son illərin ən ağır qarşıdurması iki qonşu ölkə arasında genişmiqyaslı münaqişə riskini artırıb.
Əfqanıstan tərəfi bildirib ki, Kabildə eşidilən partlayışlar Pakistan təyyarələrinin hədəfə alınması ilə bağlıdır. Taliban sözçüsü Zabihullah Mücahid hava hücumundan müdafiə sistemlərinin Pakistan təyyarələrinə qarşı istifadə edildiyini açıqlayıb və sakinləri narahat olmamağa çağırıb.
Hadisə Pakistanın son günlər Əfqanıstan ərazisində həyata keçirdiyi hava zərbələrindən sonra baş verib. İslamabad həmin hücumların silahlı qruplaşmaların infrastrukturuna qarşı yönəldiyini bildirir. Kabul isə bunu suverenliyin pozulması kimi qiymətləndirərək sərhəd boyunca cavab əməliyyatları başladığını elan edib.
Pakistan hökuməti və hərbi dairələr hadisə ilə bağlı hələlik rəsmi şərh verməyib. Pakistan təhlükəsizlik mənbələri “Ghazab Lil Haq” (“Həqiqət üçün qəzəb”) adlı əməliyyatın davam etdiyini və Əfqanıstan postlarının məhv edildiyini iddia edirlər. Tərəflər ağır itkilər barədə fərqli rəqəmlər açıqlayır, lakin bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Pakistan Əfqanıstanı “Tehreek-e-Taliban Pakistan” (TTP) qruplaşmasına sığınacaq verməkdə ittiham edir. Kabul bu ittihamları rədd edir və öz ərazisinin digər ölkələrə qarşı istifadə olunmasına icazə vermədiyini bildirir.
2600 kilometrlik sərhəd boyunca baş verən ən ağır toqquşmalar regionda uzunmüddətli münaqişə ehtimalını artırıb. Qətər, Səudiyyə Ərəbistanı, Rusiya, Çin, Avropa İttifaqı və BMT tərəfləri təmkinə çağıraraq vasitəçilik təklif ediblər. ABŞ isə Pakistanın özünü müdafiə etmək hüququnu dəstəklədiyini açıqlayıb.
Əfqanıstanın daxili işlər naziri Siracəddin Həqqani münaqişənin “çox baha başa gələ biləcəyini” bildirib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə vəziyyəti “açıq müharibə” kimi xarakterizə edib.
Region artıq ABŞ-İsrailin İrana zərbələri və Körfəz ölkələrində cavab hücumları fonunda həssas mərhələdən keçir. Əfqanıstan-Pakistan xəttində eskalasiya isə Cənubi və Mərkəzi Asiyada təhlükəsizlik balansını daha da gərginləşdirə bilər.