Fransa, Böyük Britaniya və Almaniya “E3″ formatında İranın raket və pilotsuz uçuş aparatları ilə bağlı imkanlarını sıradan çıxarmağa yönəlmiş “zəruri və proporsional müdafiə tədbirləri”nə hazır olduqlarını bəyan ediblər.
Birgə açıqlama Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer və Almaniyanın kansleri Fridrix Merz tərəfindən yayılıb və İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi raket zərbələri fonunda verilib.
Açıqlamada bildirilir ki, “E3” liderləri İranın region ölkələrinə, o cümlədən ilkin ABŞ və İsrail hərbi əməliyyatlarında iştirak etməyən dövlətlərə qarşı həyata keçirdiyi raket hücumları qarşısında dərin narahatlıq keçirir və bu hücumlar regiondakı müttəfiqlərin təhlükəsizliyini, həmçinin hərbi personal və mülki şəxsləri təhdid edir. Sənəddə Tehrana hücumlarını dərhal dayandırmaq çağırışı edilib və “E3” ölkələrinin öz maraqlarını və müttəfiqlərini qorumaq məqsədilə İranın raket və PUA buraxılış potensialını “mənbəyində məhv etməyə yönəlmiş zəruri və proporsional müdafiə tədbirlərini” dəstəkləməyə hazır olduqları vurğulanıb.