Dünyanın müxtəlif ölkələrində ən çox qoyulan adların siyahısı açıqlanıb və nəticələr ölkələr arasındakı mədəni fərqləri aydın şəkildə göstərib.
Mütəxəssislər hesab edir ki, adlar bir toplumun xarakterini, tarixi ənənələrini və dini təsirlərini ən sadə şəkildə əks etdirən elementlərdən biridir. Son açıqlanan statistika həm Ərəb dünyasında və Asiyanın böyük hissəsində dini mənşəli adların üstünlüyünü, həm də Avropa və Amerika qitələrində müasir adlara keçidin sürətlə artdığını ortaya qoyur.
Dünyanın “ad xəritəsi” adlandırılan siyahı yüzlərlə ölkənin məlumatlarının birləşdirilməsi ilə hazırlanıb. Əldə edilən nəticələrə əsasən, bir çox ölkədə “Mohamed”, “Mohammad” və “Muhammad” kimi adlar ilk sırada yer alır. Avropada “Noah”, “William”, “Gabriel” kimi adlar daha çox seçilir. Latın Amerikasında “Santiago”, “Jose” və “Juan” ən populyar adlar olaraq qalmaqdadır. Qadın adlarında isə müxtəlif regionlarda “Emma”, “Sofia”, “Aino” və “Maria” kimi adların üstünlük təşkil etdiyi görünür.
Maraqlısı budur ki, məşhur adların siyahısına Azərbaycanda “Yusif”, Türkiyədə isə “Yusuf” adı başçılıq edir.
Qadın adlarında isə Türkiyədə son illərin yüksəlişdə olan seçimi — “Defne” — birinci yeri tutub.
Sıralamada ölkələr üzrə fərqlərin diqqət çəkməsinə baxmayaraq, bəzi adların eyni anda bir neçə qitədə populyar olması da xüsusi qeyd olunur. İslam ölkələrində eyni adların geniş yayılması dini-mədəni təsirlərlə əlaqələndirilir. Latın Amerikası ölkələrində isə İspan mirası adların seçimini müəyyən edir. Avropada və Şimali Amerikada isə daha qısa, modern və beynəlxalq səslənən adlar üstünlük təşkil edir.
Bu siyahı həm mədəni müxtəlifliyi, həm də bəzi adların qlobal miqyasda niyə geniş yayıldığını anlamağa imkan yaradır.