Dünya üzrə ən az gecikən hava yolu şirkətləri və hava limanları açıqlanıb

"Cirium"-un 2025-ci il üzrə performans hesabatına görə "Aeromexico" dünyanın ən “zamanında” uçuş həyata keçirən hava yolu şirkəti seçilib, Santiaqo Arturo Merino Benitez hava limanı isə ən gecikməyən böyük hava limanı olub və regional reytinqlərdə müxtəlif aviaşirkət və hava limanları ön sırada yer alıb.

75

2025-ci il üçün hazırlanmış yeni aviasiya performans hesabatında dünyanın ən az gecikən və ən çox vaxtında uçuş həyata keçirən hava yolu şirkətləri və hava limanları müəyyən edilib.

“Cirium” şirkətinin sərnişin sayı və uçuş göstəriciləri əsasında apardığı təhlilə görə, “Aeromexico” ardıcıl ikinci il qlobal miqyasda ən yüksək vaxtında uçuş performansına malik hava yolu şirkəti seçilib. Şirkət 2025-ci il ərzində həyata keçirdiyi təxminən 189 min reysin 90,02 faizini planlaşdırılan vaxtdan maksimum 15 dəqiqə gecikmə ilə icra edib.

Reytinqdə ikinci pilləni 86,53 faiz göstərici ilə “Saudia”, üçüncü yeri isə 86,09 faizlə “Scandinavian Airlines”, yəni SAS tutub. Regional göstəricilərə görə, Asiya-Sakit okean bölgəsində “Philippine Airlines”, Şimali Amerikada “Delta Airlines”, Latın Amerikasında “Copa Airlines”, Orta Şərq və Afrika regionunda isə “FlySafair” ən yüksək vaxtında uçuş faizi ilə fərqlənib.

Hesabat çərçivəsində hava limanlarının fəaliyyət göstəriciləri də qiymətləndirilib. Böyük hava limanları kateqoriyasında Çilinin əsas aeroportu olan “Santiago Arturo Merino Benítez” Beynəlxalq Hava Limanı 2025-ci ildə 87,04 faizlik vaxtında uçuş göstəricisi ilə siyahıya liderlik edib.

Avropa üzrə eyni kateqoriyada ən yaxşı nəticə Norveçdə yerləşən “Oslo Gardermoen” Hava Limanına məxsus olub. Orta ölçülü hava limanları arasında “Panama City Tocumen International” birinci yeri tutub, kiçik hava limanları kateqoriyasında isə Ekvadorun Quayakil şəhərində yerləşən “José Joaquín de Olmedo” Beynəlxalq Hava Limanı ən yüksək göstərici ilə seçilib. Hesabat nəticələri qlobal miqyasda sərnişinlərin vaxtında uçuş və hava limanı təcrübəsinin hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə ortaya qoyur.