Dubayda “Qızıl Küçə” salınacaq

BƏƏ-nin Dubay şəhərində turizmi daha da canlandırmaq üçün “qızıldan yol” layihəsi irəli sürülüb. "New Dubai Gold District"  çərçivəsində tikiləcək bu yeni məkan, qızıl və zərgərlik alveri ilə məşhur "Gold Street"in yaxınlığında yerləşəcək. 

65

Vergisiz maaşlar və lüks yaşam tərzi ilə dünya miqyasında tanınan Dubay şəhərində turizmi daha da gücləndirmək məqsədilə qeyri-adi bir layihə planlaşdırılır: “qızıldan inşa edilmiş küçə” açılması. Bu barədə rəsmi mənbələr məlumat verib. 

Layihəyə əsasən, şəhərin məşhur “Gold Souk” zərgərlik və qızıl bazarının yaxınlığında yeni bir turizm məkanı — “Dubai Gold District” yaradılacaq. Rəsmi açıqlamada bu məkan üçün küçənin “qızıldan hazırlanacağı” ifadəsi istifadə edilsə də, bunun necə texniki şəkildə həyata keçiriləcəyi hələlik tam məlum deyil. Layihənin arxasında duran inkişaf şirkətindən də əlavə şərh tələb olunur, eyni zamanda bu “Gold Street” küçəsinin açılış tarixi hələ açıqlanmayıb.

“Gold Souk” Dubay şəhərinin köhnə hissəsində yerləşən və ziyarətçilərin ən çox sevdiyi turistik məkanlardan biridir. Burada ədviyyat, ətir və antik əşyalarla yanaşı qızıl və digər qiymətli metallardan hazırlanan zərgərlik məhsulları geniş çeşiddə satılır. “Dubai Media Office”-in məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri 2024–2025-ci illər ərzində 53,41 milyard dollarlıq qızıl ixracı ilə dünyanın ən böyük ikinci fiziki qızıl ticarət mərkəzlərindən biridir. {

Dubay Turizm və İqtisadiyyat Departamentinin tabeliyində fəaliyyət göstərən “Dubai Festivals and Retail Establishment” (DFRE) şirkətinin CEO-su Əhməd əl Xaca bildirib ki, qızıl Dubayın mədəni və ticarət həyatının ayrılmaz hissəsidir və yeni layihə turizm sektorunu daha da zənginləşdirəcək. O, əlavə edib ki, bu yeni istiqamət mirası qeyd etməklə yanaşı, həm də yaradıcılıq və davamlılıq prinsiplərinə uyğun yenilikçi bir turizm məkanı olacaq.

Şəhər əvvəllər də turistləri cəlb edən rekord layihələrlə gündəmə gəlmişdi: dünyada ən yüksək bina “Burj Khalifa”, ən böyük dönmə dolabı “Ain Dubai” və dünyanın ən dərin dalma hovuzu “Deep Dive Dubai” bu layihələrdən bəziləridir.