DTX SEPAH-ın Azərbaycanda terror planının qarşısını aldı

DTX-nin keçirdiyi əməliyyat nəticəsində SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktları ifşa olunub. Bakı–Tbilisi–Ceyhan kəməri və digər strateji obyektlər hədəf seçilib.

43

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror təxribatlarının qarşısını alıb.

DTX-nin həyata keçirdiyi kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində müəyyən edilib ki, İran xüsusi xidmət strukturları ölkə ərazisində strateji obyektlər və dini icmalar əleyhinə terror aktları təşkil etməyi planlaşdırıb. Planlaşdırılan hədəflər arasında Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkenazi sinaqoqu yer alıb.

Araşdırmalar zamanı məlum olub ki, İran vətəndaşları Rüstəmzadə Behnam SahibaliZankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə əlaqə yaradaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsini planlaşdırıblar. Onların məqsədi cəmiyyət arasında vahimə yaratmaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək olub.

Əməliyyat tədbirləri çərçivəsində Səbail rayonu Şıx qəsəbəsi yaxınlığında yerləşdirilmiş konteyner aşkarlanıb. Konteynerə baxış zamanı beton və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram çəkidə C-4 tipli partlayıcı maddə tapılıb. Hüquq-mühafizə orqanları tərəfindən partlayıcı maddə zərərsizləşdirilib və planlaşdırılan təxribatın qarşısı alınıb.

Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.